"Neftçi"nin sabiq futbolçusu, Rumıniya millisinin keçmiş üzvü Adrian Neaqa Sportal.az saytına müsahibə verib.
İdman.biz xəbər verir ki, 2009-2010-cu illərdə Azərbaycan çempionatında oynamış 45 yaşlı futbol veteranı ölkəmizdə çıxış etdiyi dövrü xatırlayıb.
- Hazırda nə işlə məşğulsunuz?
- Futbol agenti kimi çalışıram. Ancaq indi daha çox uşaq futbolundayam. Hər halda futboldan kənar qalmamışam.
- Azərbaycan futbolunu izləyirsiniz? Son vaxtlar diqqətinizi çəkən əsas məqam hansı olub?
- Düzünü desəm, hansısa komandanı xüsusi olaraq izləməmişəm. Amma Azərbaycan futbolunun son illərdəki nəticələrindən xəbərdaram. Məsələn, “Qarabağ”ın Azərbaycan futbolunda dominantlıq etdiyini, hətta Avropa yarışlarında da uğurlu nəticələrinin olduğunu bilirəm.
- Sabiq komandanız "Neftçi" haqda nə düşünürsünüz?
- “Neftçi”nin də nəticələri ilə maraqlanram. Daha çox turnir cədvəlinə baxıram. “Neftçi”nin o qədər də yaxşı vəziyyətdə olmadığını bilirəm. Artıq neçə illərdir ki, vəziyyət belədir. Ümidvaram ki, problemlər həllini tapacaq.
- "Neftçi"dəki oyunlarınızı xatırlayırsınızmı?
- Əlbəttə, "Neftçi"də oynadığım bütün matçları yaxşı xatırlayıram. Həqiqətən də çox yaxşı günlər idi. Hər zaman meydanda sona qədər mübarizə aparmaq, komandaya kömək olmağa çalışırdım. İndi isə komandada nə baş verdiyini bilmirəm.
- Sizin üçün "Neftçi"nin heyətində ən unudulmaz matç hansıdır? Hansı məqamları daha çox xatırlayırsınız?
- "Neftçi"nin heyətində ən unudulmaz anlarım “Xəzər Lənkəran”a qalib gəldiyimiz oyunla bağlıdır. Həqiqətən də çox gözəl, unudulmaz matçlar idi. Təbii ki, heç bir matç yaddaşımdan silinməz. Sadəcə “Xəzər Lənkəran”a qarşı görüşlər daha çox xatırlanır.
Sizə yadımda qalan bir hadisəni danışım. "Neftçi" ilə Lənkərandan ayrılanda azarkeşlərin bizim avtobusu daşlarla vurması, pəncərələri sındırması, həmin hadisə zamanı isə üzümün kəsilməsini də unuda bilmərəm. Bu komandaların oyunlarını xatırlayırsınız yəqin. O zaman “Neftçi”də yaxşı futbolçular var idi. Suat Usta ilə hələ də əlaqəmiz qalıb.
- Azərbaycanda yaşadığınız ən maraqlı hadisə hansı idi? İstər futbolda, istərsə də futboldan kənar...
- Bildiyim qədər, bizim üçün yeni baza inşa ediləcəkdi. O da keçmiş baza tərəflərdə idi. Səhv xatırlamıramsa, klubun bazanın inşası üçün ayrılan yeri qazmışdılar və oradan neft çıxmışdı.
- Maraqlıdır, nəyə görə "Neftçi"də uzun müddət qalmadınız? Yəqin ki, qalmaq istəyərdiniz?
- Bilirsiz, çoxlu dəyişikliklərin olduğu dövr idi. Klub tez-tez və çox məşqçi dəyişirdi. Ardınca isə klub prezidenti də dəyişdirildi. Müqaviləm bitdi və mən o vaxt Çempionlar Liqasının ilkin mərhələsində çıxış edən başqa komandaya getdim.
- Bir müddət əvvəl "Neftçi"ni Adrian Mutu çalışdırırdı. Amma Mutunun “Neftçi"dəki karyerası uğursuz oldu. Belə olacağını ehtimal edirdiniz?
- Məncə, komandada onun istədiyi futbolçular yox idi. Bir müddət əvvəl “Petrolul”la anlaşdı. Ümid edirəm ki, o, bu klubla nəticələr qazanacaq.
- "Neftçi” rumıniyalı futbolçular gətirmir. Sizdən sonra komandaya yalnız Katalin Tira dəvət edilib. Yəqin ki, həmyerlilərinizi "Neftçi"də görmək istəyərdiniz?
- Məncə, Azərbaycanda çoxlu rumıniyalı futbolçular oynaya bilər. Həqiqətən onların ölkənizə gəlib çıxmamasının səbəbini bilmirəm. Amma hər klubun öz strategiyası var. Düşünürəm ki, orada olduğum müddətdə yaxşı inkişaf etdim və digər rumıniyalılar da bu cür edə bilər. Bildiyim qədər, Bakıda çoxlu dəyişikliklər var. İnfrastruktur, yeni stadionlar...
- Azərbaycanda hazırda hegemonluq edən "Qarabağ"dır. "Neftçi" isə turnir cədvəlində 8-ci pilləsindədir. Bu haqda fkriniz nədir? "Neftçi"ni bu pillələrdə görmək sizin üçün üzücüdür?
- Təbii ki, “Neftçi”nin 8-ci pillədə qərarlaşması mənim üçün üzücüdür. Ümidvaram ki, futbolçular “Neftçi”ni layiq olduqları yerə yüksəldəcəklər.
İdman.biz