Qurban Qurbanov: “Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq" - MÜSAHİBƏ - FOTO

Xəbərlər
22 Yanvar 2025 13:21
113
Qurban Qurbanov: “Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq" - MÜSAHİBƏ - FOTO

"Çox istərdik ki, sabah qələbə qazanaq".

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində FCSB (Rumıniya) ilə matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, ilin ilk avrokubok oyununda inamlı çıxış komandası üçün vacibdir: “Bəzi problemlər hazırlıq prosesinə təsir edib. Avroliqada yaxşı nəticələr əldə etmiş bir komandaya qarşı oynayırıq. Rumın futbolu həmişə ciddiliyi ilə fərqlənib".

- Heyətdə itkilər var. Bu səbəbdən sabahkı matçda hansısa taktiki dəyişikliyə gedəcəksiz?

- Elə də ciddi dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edib, düşündüklərimizi meydanda tətbiq etməyə çalışırıq. Hansısa xırda dəyişiklik ola bilər, hücumun qurulmasında, ya başlanmasında. Amma illərdir hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı matçda səhvlər etməməliyik. Bu komanda xırda səhvi də bağışlamır. Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq. Həmişə oyunumuzu daha da yaxşılaşdırmağa çalışmışıq.

- Rəqib komandanın sahibi Cici Bekali açıqlamasında bildirib ki, "Qarabağ"ı məğlub edəcəklər. Sizin buna münasibətiniz necədir?

- İdmanda belə şeylər normaldır. Hər rəqibin məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Biz də bu komandanı məğlub etmək istəyirik. Bu açıqlama ilə bağlı hansısa xüsusi fikrim yoxdur.

- Rəqibi necə dəyərləndirirsiniz?

- Bütün komandalara çox ciddi yanaşıram. Hər hansı fərq qoymuram. Ola bilər ki, hazırlıqda hansısa dəyişiklik edək. FCSB-ni məsuliyyətinə və nümayiş etdirdiyi oyuna görə nəticələrini haqlı sayıram.

- Sizcə, rəqibin ən güclü və zəif tərəfləri nələrdir?

- Futbol kollektiv oyundur. İstənilən məşqçi üçün kollektiv oyunu təkmilləşdirmək çətindir. Bu komandanın üstün cəhəti odur ki, müdafiədə, hücumun gedişatında hamı nizam-intizamı sonadək qoruyub saxlaya bilir.

- Qarabağ"ın fəxri prezidenti Abdolbari Gozal bir neçə gün əvvəl vəfat etdi. Onun dünyasını dəyişməsi klubdaxilində hansı ab-hava yaradıb? Bunla bağlı düşüncələriniz necədir?

- Həm klub, həm də Azərbaycan futbolu üçün ağır itkidir. O elə bir insan idi ki, həyatda atdığı hər addımı düşünürdü."Qarabağ" üçün hər şeyi sevərək edib. Bu adamın mənim üzərimdə böyük haqqı var. Klubda üzgünlük var. Futbolçularımızı oyuna tam hazırlamaq istəyirik. Amma yaddaşımızdan çıxara bilməyəcəyik. Allah rəhmət eləsin.

- Matçı idarə edəcək hakimlə bağlı Rumıniya mətbuatında müəyyən məlumatlar var. Hakimin xüsusi ilə qəddarlıqla seçildiyi deyilir. Bununla bağlı futbolçulara hansısa təlimatlara vermisinizmi?

- Əlbəttə ki, bu oyuna qalibiyyət üçün hazırlaşmışıq. Çox da dərinə getmək lazım deyil. Bu o demək deyil ki, bu matçda uduzsaq, bizim heç birimiz uğurumuz olmayacaq. Rəqibi də nəzərə almaq lazımdır, asan rəqib deyil. Hakimliyə gəldikdə isə futbolçuları psixoloji olaraq buna yönləndirmək düzgün deyil. Əlbəttə ki, onlara hakimlər haqqında müəyyən məlumatlar verilir.

- Siz əvvəllər də rumın məşqçilər - Dorinel Muntyanu, Adrian Mutu, Mirça Rednik, Laurentsio Regekampf qarşı oynamısınız. Necə düşünürsünüz onların içərisində ən güclüsü hansı olub?

- Hər birini salamlayıram. Hər birinə qarşı oynamaq mənim üçün xoş olub. Mənim deməyim düzgün çıxmaz. Kimin üstün, kimin zəif olmasını deyə bilməyəcəm. Ancaq Mirça Rednikə qarşı oyunlarımız daha maraqlı olub. Amma hər bir halda, hər birinin futbolda böyük imzası var.

- Rumıniyada klublar iki ildən bir baş məşqçini dəyişirlər. Bir komandada uzun müddət çalışan məşqçi kimi rumın klublarına nə məsləhət görərdiniz?

- Bəlkə də Rumıniyada məşqlər çox olduğu üçün bu addımı atırlar. Özümün 16 il burada olmağım barədə danışmayacam.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq.

Aytac Sahəd
İdman.biz