"Azarkeşlərimizi sevindirməyi çox istəyirik".
İdman.biz xəbər verir ki, bunu Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" – FCSB (Rumıniya) matçından öncə təşkil edilən mətbuat konfransında Ağdam klubunun futbolçusu Elvin Cəfərquliyev deyib.
O bildirib ki, sabahkı oyunda əsas hədəfləri qələbə qazanmaqdır: “Doğma meydanda oynayacağıq. Matça yaxşı hazırlaşmışıq, lazımi tapşırıqları almışıq. Sabah əlimizdən gələni edəcəyik".
Ötən il ən çox cəzalanan “Qarabağ”lının sözlərinə görə, qırmızı vərəqələr alması oyunda çox istəkli olmasından irəli gəlir: “Öz üzərimdə işləyirəm. Bilirəm ki, aqressiv olmağım komandama bəzi məqamlarda baha başa gəlir. Bu oyunla bağlı da baş məşqçimiz müəyyən tapşırıqlar verib. Hazıram”.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq.
Aytac Sahəd
İdman.biz