Elvin Camalov: “Ayrılıqlar çətindir”

Xəbərlər
22 Yanvar 2025 17:35
62
Elvin Camalov: “Ayrılıqlar çətindir”

“Hər yolun əvvəli olduğu kimi sonu da var. Bu gün uzun müddət irəlilədiyim bir yolun sonuna gəldim”.

İdman.biz xəbər verir ki, bu sözlər Azərbaycan millisinin futbolçusu Elvin Camalova məxsusdur.

Bu gün “Sabah”dan ayrılan yarımmüdafiəçi sosial şəbəkədə paylaşım edib: “Ayrılıqlar çətindir. Xüsusilə sənin üçün doğma olan bir yerdən. Bu gün 2021-ci ildən üzvü olduğum “Sabah” ailəsindən ayrılıram. Burada çıxış etdiyim müddət ərzində çox şey qazandım. Klubun tarixində ilk dəfə gümüş medalları qazandıq, avrokuboklara vəsiqə əldə etdik, Avropa arenasında ilk qələbənin və mərhələnin sevincini yaşadıq, mənim üçün böyük dəyəri olan komandanın kapitanlıq sarğısını şərəflə daşıdım”.

Camalov Bakı klubunda sevincli günlərinin çox olduğunu vurğulayıb: “Sabah”la birlikdə kədərli və sevincli anlar yaşadım. Amma klubla sevincli anlarım daha çox oldu. Ən əsası - bu klubda heç bir idman uğuru ilə ölçüyə gəlməz dostluqlar qazandım. “Sabah”da çıxış etdiyim müddətdə klubun uğurları üçün var qüvvəmlə çalışdım. Bu yolda mənə dəstək olan hər kəsə - klub rəhbərliyinə, komanda yoldaşlarıma, bu günə kimi çalışdığım bütün məşqçilərə, klubun hər bir əməkdaşına və əlbəttə ki “Sabah” azarkeşlərinə təşəkkür edirəm. Sizinlə birgə addımlamaq, bir ailənin üzvü olmaq mənim üçün xoş idi. Hər şeyə görə təşəkkürlər!”.

Qeyd edək ki, Elvinin “Neftçi”yə keçəcəyi gözlənilir.

İdman.biz