"Bu oyunda çox əziyyət çəkdik".
İdman.biz xəbər verir ki, bunu Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçirilən "Qarabağ" – FCSB (Rumıniya) matçından sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elias Xaralambous deyib.
Kiprli mütəxəssis qələbənin qazanılmasında bəxt amilinin də rol oynadığını vurğulayıb: "Qələbəyə görə sevinirik və oyunçularıma təşəkkür edirəm. Vacib olan üç xalı qazandıq. Rəqibi yaxşı təhlil etmişik və nəticəsini gördük. Sözün əsl mənasında əziyyət çəkdik və qarşılığını gördük. Futbolda bəxt amili də çox önəmlidir. Bizim bu gün bir qədər bəxtimiz də gətirdi".
- Olaronun yoxluğu bu gün sizə ciddi problem yaratdımı?
- Olaro çox yaxşı oyunçudur, bizim komandamızın ürəyidir. Ancaq bu gün o, yox idi. Biz həmişə alternativləri nəzərə alırıq. Buna da hazırlıqlı idik.
- "Qarabağ"la oyunda sizi təəccübləndirən bir məqam oldumu?
- Əslində, nəyə ümid edirdiksə, onu da gördük. Oyunun çətin olacağını düşünürdük, belə də oldu. "Qarabağ" güclü komandadır. Əvvəlcədən komandanı yaxşıca öyrənmişdik. Baş məşqçiyə və oyunçulara böyük hörmətim var. Bizə çox yaxşı müqavimət göstərdilər.
- Bu gün Toma niyə yox idi?
- Onun qızdırması var idi. Biz ona inanırıq, o yaxşı futbolçudur. Bu oyunda olmamasının səbəbi xəstəliyidir.
- Qarşıdan "Mançester Yunayted"lə oyun gəlir. Komanda həmin matça necə hazırlaşacaq?
- "Mançester Yunayted"lə oyundan öncə də Ruminiya çempionatında UTA ilə ciddi bir oyunumuz var. Hazırda onu düşünürük. Əlimizdən gələni edəcəyik ki, gözəl oyun sərgiləyək".
Qeyd edək ki, "Qarabağ"la matç FCSB-nin 3:2 hesablı qələbəsi ilə bitib.
Aytac Sahəd
İdman.biz