"Komanda çox əziyyət çəkdi".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində FCSB (Rumıniya) ilə matçdan sonra təşkil edilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis 2:3 hesablı məğlubiyyəti dəyərləndirib: "Bu oyunlarda bizimlə olduğunuz üçün çox təşəkkür edirəm. Məğlub olsaq da, güvəndilər. Oyunla bağlı çox da danışacaq bir şey yoxdur. Rəqibi təbrik edirik. Onlar çox istəkli idilər. Biz qalib gələ bilərdik. Ancaq görünür müəyyən səhvlərimiz var. Təəssüf ki, bu dəfə də uğursuzluq seriyası davam etdi".
- Bu gün Fabian Buntiçə şans verdiniz. Onun oyununu necə dəyərləndirirsiniz?
- Koxalski zədəli olduğuna görə, Buntiçə şans verdim. Bu qərardan peşman deyiləm. Qolların təkrarına baxanda da gördüm ki, çətin toplar idi. Buntiçi günahlandırmaq istəməzdim.
- FCSB haqqında nə deyə bilərsiniz?
- Pozitiv və nəticəyə oynayan komandadır. Onlarla oyun "Ayaks" və "Lion"dan fərqlidir. Rəqib olsaq da, FCSB-ə uğurlar arzulamışam.
- Rəqib komandanın məşqçisi sizin oyununuzu təriflədi və qələbəni bəxtə bağladı. Siz bəxtə inanırsınızmı?
- Bəlkə əvvəllər daha çox inanırdım, gözləyirdim ki, bizim də bəxtimiz gətirər. Yeni başladığım vaxtlarda belə məqamlar olub. Ancaq fikrimcə əziyyət çəkmək lazımdır ki, onun qarşılığını görəsən. Tam olaraq bəxt sözü mənə çatmır. Rəqibin baş məşqçisi nə varsa onu deyirdi.
- Bu gün Juninyonun yoxluğu özünü göstərdi. Gələcəkdə komandanı gücləndirmək istiqamətində nə düşünürsünüz? Kaşukun epizodu haqqında nə deyə bilərsiniz?
- Ümumən Avropa təcrübəsinə baxsaq, görərik ki, komandalar üç-dörd il uğurlu nəticə göstərəndən sonra eniş yaşayır. Bəzən heyətdə Juninyo kimi futbolçu olanda da uduzuruq. Onun da qaçırdığı qol şansları vardı. Aleksey Kaşukun epizoduna gəldikdə, sürətli hücum idi. İnanıram ki, qarşıdakı oyunlarda Kaşuk belə epizodlardan istifadə edəcək. Komandanı gücləndirməyə gəldikdə isə bir neçə oyunçu dəvət etmək istəyirəm. Təəssüf ki, qış aylarında bu, bir qədər çətindir, ancaq qarşıdakı aylarda bu istiqamətdə işlər görəcəyik.
- Avropa Liqasındakı nəticələr "Qarabağ"ın daxili oyunlarına psixoloji tərəfdən təsir göstərə bilərmi?
- Adətən belə oyunlardan sonra ruh düşkünlüyü yaşanır. Ancaq hələ bir oyunumuz qalıb. "Olimpiakos"la matçda yaxşı nəticəyə ümid edirik. Ola bilsin ki, futbolçularımız Premyer Liqa qarşılaşmalarında müəyyən ruh düşkünlüyü yaşasınlar. Lakin zamanla bunu aradan qalxacağına inanıram.
- FCSB-dən xüsusi olaraq diqqətinizi cəlb edən futbolçu oldumu?
- Oldu, ancaq adını çəkməyəcəm. Ümumilikdə götürəndə komanda kollektiv olaraq məni cəlb etdi. Hər xəttdə lider oyunçular vardı. Dünən də qeyd etmişdim ki, FCSB kollektiv oyuna üstünlük verən komandadır.
- Bu gün pleymeker oynayan Leandro Andrade qol vurdu. Sizcə, Andradeni vinger oynatmaq yaxşıdır, yoxsa pleymeker?
- Sol ayağı olsaydı, həmişə sağda oynadardım. O, digər futbolçulardan bir az seçilir. Fikrimcə, ondan lazım olan qədər faydalanırıq.
- Sizcə, Avropa Liqasının format dəyişikliyi uğursuz nəticələrdə nə dərəcədə rol oynadı?
- Mən bir az geriyə qayıtmaq istəyirəm. Bizim çox yaxşı hazırlığımız olmuşdu. Avstriyada yoldaşlıq oyunlarında durumumuz yaxşı idi. Bunu ilk oyunlarımızda hiss elədik. Digər matçlarda isə sadəcə nəticə olmadı. Ancaq gedişatda hiss olundu ki, biz artıq daha təcrübəli olmuşuq. Təkcə Zaqreb "Dinamo"su ilə oyunlara baxsaq, görərik ki, bizim qol epizodlarımızın sayı-hesabı yoxdur. Son dövrlər daha riskli oynayırıq. Ola bilər ki, böyük komandalara qarşı ustalıq səviyyəsi çatmayıb. Belə komandalara qarşı oynayarkən qolların bu cür vurulması təsir edir. Bugünkü oyunda 3 künc zərbəsinə üç qol buraxdıq. Ümumilikdə götürəndə isə nəticəni formatın üstünə atmaq istəmirəm.
Aytac Sahəd
İdman.biz