“Qarabağ” FCSB-yə nədə uduzub? - TƏHLİL

Təhlil
24 Yanvar 2025 13:41
66
“Qarabağ” FCSB-yə nədə uduzub? - TƏHLİL

“Qarabağ” Avropa Liqasında növbəti dəfə bir çox oyun parametrlərində üstələdiyi rəqibə məğlub olub. Tam əksinə olaraq, FCSB bir sıra parametrlərdə özündən yüksək göstəriciləri olan rəqibə qalib gəlib. Bəs oyun üstünlüyünün, topasahibolmanın, hücum sayının və s. nəticədə əks olunmamasının səbəbi nədir?

İdman.biz bu sualın cavabını elə həmin rəqəmlərlə yanaşı, komandaların həm dünənki qarşılaşmada göstərdikləri oyuna, həm də əvvəlki matçlardakı çıxışına əsaslanaraq axtarmağa çalışıb.

Birinci rəqəmlərə baxaq. Topa sahibolma – 64-ün 36 faizə, hücum sayı 53-31, dəqiq ötürmə sayı – 386-188. Hələ başqa rəqəmlər də var. Bəs bu üstünlüyə malik komanda niyə uduzsun?

Bu mənzərə ilə nə “Qarabağ” turnirdə ilk dəfə qarşılaşır, nə də FCSB. Ancaq nəticə nədir? Belə rəqəmlərə görə irəlidə olmalı komanda 3 xalla sondan 3-cü yerdən bütün istəkləri ilə vidalaşıb, geridə olmalı komanda isə 14 xalla öndən 8-ci olaraq 1/8 finala birbaşa çıxmaq iddiasındadır. “Qarabağ” daha öncə də üstün göstəricili oyunlarda əliboş qaldığı halda, rumınlar əks göstəricilərə baxmayaraq, xal üstünə xal gətiriblər.

Milyardların sevimlisi futbol çox baxımlı idman növüdür. Ancaq əsas olan nəticədir. Komandanın nəticəyə köklənən imkanları olmalıdır. Burda isə tək əldə olan potensial deyil, ondan düzgün yararlanma da böyük rol oynayır. FCSB əslində Avropa Liqası üçün orta səviyyədən yuxarı bir komanda deyil. Bir çox göstəriciləri isə Liqada ən aşağılardandır. Komanda çox hücuma can atmır, mərkəzdə ötürmələrdə qüsurlar çoxdur, bu zonada futbolçuların özlərini itirmə halları da az deyil. Və bu, karpatlıların tək “Qarabağ”la oyununa aid olan bir şey deyil. Ancaq komandanın əsas üstünlüyü imkanlarından düzgün istifadə edə bilməsidir. Həm məşqçinin əlində olan oyunçular baxımından, həm də meydanda yaranan və yaradılan vəziyyətlər baxımından. Bunun əsasını isə ilk növbədə hər bir rəqibi düzgün təhlil etmək, qarşı tərəfin onun tək ümumi durumda deyil, hətta qarşılaşacaq məqamda oyunçuların durumu baxımından belə zəif nöqtələrini tapmaq və ordan vurmaq təşkil edir.

3 qolun necə qapımızdan keçdiyini vurğulamağa heç ehtiyac da yoxdur. Rəqib komanda oyun ərzində son dəqiqələrdə artıq sadəcə ötürmələrlə vaxt öldürərkən yola verdiyi künc zərbəsini nəzərə almasaq, cəmi 3 dəfə künc bayrağına yaxınlaşdı və üçünü də qola çevirdi. “Qarabağ”ın isə heç bir məzmunu olmayan səmərəsiz 7 künc zərbəsi...

Meydanda istəkli olan ağdamlılar təkbətək mübarizələrdə də rəqibi üstələyirdi. Yerdə mövqe mübarizəsində 59 dəfə meydan sahibləri, 35 dəfə qonaqlar qalib gəlmişdi. Bəs havada necə? Əsas məqam da məhz budur. FCSB özünün üstün və rəqibin zəif cəhətindən tam şəkildə yararlandı. Məqsədli, düşünülmüş və planlı şəkildə. Buraxılan qolları yada salaq. Birinci künc zərbəsində qaldırılan top və nəzarətsiz qalan Adrian Şutun birbaşa başla zərbəsi. İkinci künc zərbəsində David Mikulesku topu yerdən ayaqla vursa da, ona ötürmə Şutla hava mübarizəsində topa toxunsa belə, düzgün istiqamətləndirə bilməyən Leandro Andradedən gəldi. Üçüncü künc zərbəsində isə bir epizodda uğursuz 3 baş oyunu nümunəsi. Əvvəlcə Siyabonqa Nqezananı qabaqlayan Mateus Silva topa başla toxunsa da, elə əvvəlki epizodda komanda yoldaşı Leandro kimi təhlükəni sovuşdurmaq əvəzinə rəqibi zərbə üçün topla təmin etmiş oldu. Sonra Nəriman Axundzadə ilə baş toqquşması ilə nəticələnən hava mübarizəsində qalib gələn Şut topu qapının yaxın sağ yuxarı küncünə istiqamətləndirdi və burada da boyu yüksək olmayan Marko Yankoviç topa başla toxunsa da, onun qapıdan keçməsinə mane ola bilmədi.

Göründüyü kimi, rəqib nə istədiyini bilir və onu almağı bacarır. Bu məqamı, yəni künc zərbəsindən 3 qolun vurulmasını da təsadüfü saya bilmərik. Rəqib buna hazırlaşıb və bunu edib.

Ümumiyyətlə, cərimə meydançasına ötürmələr məqsədyönlü olmayanda çox şey əldə etmək olmur. Bəxtə ümid edib, “tutar qatıq, tutmaz ayran” prinsipli ötürmələr çox az halda bəhrə verir. Hücumda ötürmə verəndə bilməlisən ki, topu dəqiq hara, kimə göndərirsən və topu göndərdiyin adam da kimdir.

Bir sözlə, çox imkan yaratmaq yox, imkanlardan maksimum istifadə etmək lazımdır. FCSB futbolçularının 5 zərbəsi qapı çərçivəsinə gedib ki, onun 3-ü qolla nəticələnib. “Qarabağ” futbolçularının isə 2 qol vurmalarına baxmayaraq, qapı çərçivəsinə cəmi 1 zərbəsi yönəlib. Bu 1 dəqiq zərbə ilə də çox da irəli getmək olmaz.

Ağdamlılar 3 real qol şansını əldən qaçırıblarsa, rumınların itirdiyi şans olmayıb. Əllərinə nə düşübsə, vurublar.

Nəticə də göz qabağında – komandalardan biri 34-cü yerdə və turnirlə vidada, digəri 8-ci yerdə və növbəti mərhələdə.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: