“Neftçi”nin şərəfini qorumaq mənim üçün fəxrdir”.
Bunu İdman.biz-ə Bakı təmsilçisinin yeni transferi Elvin Camalov deyib.
29 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”a transferini şərh edib. O bildirib ki, “Neftçi”dən təklif gələndə qərar vermək onun üçün çətin olmayıb: “Düşündüm ki, böyük tarixi olan bir komandaya gedirəm. “Neftçi”də oynamaq hər bir azərbaycanlı futbolçunun arzusudur. Təbii ki, proses zamanı bəzi nüansları götür-qoy etdim. Çalışacam ki, həm oyunum, həm də xarakterimlə “Neftçi” camiəsinə layiq olum”.
Futbolçu sabiq komandasından yaxşı xatirələrlə ayrıldığını vurğulayıb: “Sabah”da kapitanlıq sarğısını şərəflə daşımışam. Düşünürəm ki, oradakı çıxışımın karyeramda xüsusi yeri var. Avrokuboklara vəsiqə qazandıq, "Makkabi" kimi komandaya qalib gəldik. Həmçinin, “Sabah”la Azərbaycan çempionatının gümüş medalını qazandım. Həm klub rəhbərliyi, həm də oyunçularla çox yaxşı ayrılmışam. Düşünürəm ki, "Sabah"dakı karyeramda tarixi nailiyyətlər əldə etmişəm. Futbolda bu cür ayrılıqlar normaldır. İnşallah, yeni başlanğıclar mənim üçün uğurlu olar”.
Qeyd edək ki, 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 illik müqavilə bağlanıb. Elvin “Neftçi”də 4 nömrəli formanı geyinəcək.
Aytac Sahəd
İdman.biz