Misli Premyer Liqasının XX turunun "Qarabağ" – "Turan Tovuz" (1:2) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
İdman.biz xəbər verir ki, mütəxəssis bildirib ki, məğlub olmaq istəməzdilər.
Onun sözlərinə görə, futbolçuları demək olar ki, 90 dəqiqə dominantlıq edə biliblər: "Ancaq futbolun belə çrikin tərəfləri var. "Turan Tovuz"u təbrik edirəm".
Qurbanov son 2 oyunda kornerdən buraxdıqları 4 qolla bağlı fikirlərini bölüşüb: "Keçən oyunla bağlı cavablandırdım. Amma belə necə olur bilmirəm. Cərimə meydançası daxilində qapıçının ətrafında 5 futbolçu varsa və onu blok edirlərsə necə olmalıdır. Hakimlər Komitəsinin sədri bu barədə necə düşünür? Neçə oyundur ki, həm korner, həm də cərimə zərbələrində belə hallar olur. Hətta oyundan qabaqda bu barədə futbolçularla danışıram. Amma qapıçı toxunulmazdırsa, burada toxunurlarsa necə olur, bilmirəm. 2-ci qol səhvimizdən oldu başa düşdük. Ancaq 1-ci qol… sanki hakimlər belə qollara bəsit yanaşırlar. Epizoda baxsaz, əllə itələyir bizim futbolçunu. Təkcə bizim yox, bütün oyunlarda belə hallar olur. Əlbəttə, bu məğlub olmağımıza səbəb deyil. Ancaq bu dəfə… Futbolçularımızı iki əlli kənara atırlar. Buna əsəbiləşdim. 10 dəfə baxdım epizoda. Faiq Hacıyevin tapşırığı ümumiyyətlə qapıçıya toxunmaq idi. Hər tərəfdən Şahruddini sıxdılar. Nəysə, belə hallar olur. Rəqibi təbrik edirəm. İstəkli idilər.
Baş məşqçi hakimləri qınayıb: "Məsuliyyətsizdirlər. Cavid Cəlilov yaxşı oğlandır. Ancaq belə sadə yanaşma olmaz. Camaat həftələrlə, aylarla əziyyət çəkir. Sadə epizodlardan qollar buraxdıq. Orada cərimə zərbəsi olduğunu mən deməliyəm?"
O, bu məsələnin AFFA İcraiyyə Komitəsində qabardılmasına ehtiyac olmadığını deyib: "Ora belə şeylərin yeri deyil. Hakimlər Komitəsinin sədriylə belə epizodlar müzakirə olunur. Məsuliyyət çox vacibdir. Çünki burada biz aldığımızın haqqını verməliyik. Hamı bu düşüncəylə yanaşmalıdır. O cümlədən də hakim. Bəzi epizidlar oldu ki, normaldır. Təhlükə görünmürsə, anlaşılandır. Bəlkə də belə gərgin oyunlar az olur. Yenə deyirəm, bu məğlubiyyətimizə səbəb deyil. Ancaq futbolçularımın əziyyətinə heyfim gəlir. İnşallah ki, digər oyunlara hazırlaşmalıyıq".
Qurban Qurbanov oyunçularının psixoloji durumuna da münasibət bildirib: "Məncə, futbolçular çox yaxşı idilər. Sadəcə bir az daha hazırlıqlı olmaq lazım idi.Olsaydı verərdilər. Birinci epizodu soruşdum, yox idi. Digərini bilmirəm".
Təcrübəli mütəxəssis hazırkı heyətlə mövsüm sonu çempion olmaq şansını da dəyərləndirib: "Başqa çıxış yolumuz yoxdur. Say olaraq transfer etmək istəmirik. Futbolçunu kollektivə uyğunlaşdırmaq asan deyil. Mental olaraq onun kluba, ölkəyə adaptasiya olması çətindir. Bu, dəfələrlə olub. Görürsən ki, bizə uyğunlaşa bilməyib, amma başqa çempionatlarda daha yaxşı çıxış edib. "Qarabağ"da oynamaq asan deyil. Həm çempionluq, həm avrokuboklarda iştirak tələb olunur. Çox ehtiyatlanırıq. Bizim büdcəmiz böyük klublar kimi deyil. Çempionluq çətindir. Bir neçə belə oyun olsa çempionluq əldən gedə bilər. "Top-5" ölkələrində belə hallar olur. Arxayınlaşmaq olmaz. Futbolçularımda da görmədim. 90 dəqiqə 3 xal əlimizdə idi. 2 dəqiqə içərisində əldən getdi. Mən indiki heyəti daha yaxşı toparlaya bilərəm nəinki yeniləri".
O, Avropa Liqasındakı rəqibləri "Olimpiakos" haqda da danışıb: "Olimpiakos" güclü rəqibdir. Ən sürətli oynayan komandalardan biridir. Amma hazırlaşmalıyıq. Məncə, daha rahat oynayacayıq. Çünki stres az olacaq. Bu mövsüm yaxşı oyunlarımız oldu, amma nəticələrimiz yaxşı olmadı. İndi əlimizdəki futbolçuları qoruyub saxlamalıyıq".
İdman.biz