Azərbaycan I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun baş məşqçisi Füzuli Məmmədovun İdman.biz-ə müsahibəsi
- Yeni komandanızın hazırki durumunu necə dəyərləndirirsiz?
- Əlimizdə olan vaxt imkanından maksimum yararlanmağa çalışırıq. Düşünürəm ki, “Mingəçevir” bundan sonra daha yaxşı nəticələr əldə edəcək. Düzdür, hələ ki, komanda tam istədiyimiz səviyyədə deyil. Bunun da bir çox səbəbləri var. Əsas səbəblərdən biri isə futbolçuların bəzilərinin tez, bəzilərinin isə komandaya gec qoşulmasıdır. Belə məsələlər istər-istəməz müəyyən problemlər yaradır. Bu çatışmazlıqları aradan qaldırmaq da biz məşqçilərin işidir. Hədəfimiz komandadakı problemləri qısa zamanda həll etməkdir.
- Sizin gəlişinizdən sonra “Mingəçevir” altı futbolçusu ilə birdən vidalaşdı. Bu addımınızı islahatların ilkin mərhələsi kimi dəyərləndirə bilərik?
- Əslində, altı futbolçudan cəmi ikisi mən gəldikdən sonra komanda ilə yollarını ayırıb. Buna qədər isə üç futbolçu cəzalı, biri zədəli idi. Bir futbolçu isə özü yaxınlaşıb, klubdan getmək istədiyini bildirdi. Hətta nəinki komandadan, ümumiyyətlə futboldan getmək istədiyini dedi. Biz artıq ona heç nə edə bilməzdik.
- Klubun gücləndirilməsi istiqamətində hansı işlər görülür?
- Hazırda transfer danışıqları gedir. Əlimizdə olan imkandan istifadə edib, maksimum güclənməliyik. Transfer məsələsi ilə bağlı hələ ki, danışmaq istəmirəm. Çünki eləsi var ki, müqavilə imzalamağın bir addımlığındayıq. Xüsusi olaraq ad çəkə bilmərəm, çünki bəzilərinin alınmamaq ehtimalı da var. Tələsmək istəməzdim. Ancaq proseslər tam bitəndən sonra məlumat verəcəyik.
- Komandanın bu mövsüm əsas hədəfi nədir?
- Bu mövsüm əsas məqsədimiz liqada qalmaqdır. Bunun üçün əlimizdən gələni edirik və edəcəyik də. Yeni mövsümdə isə "Mingəçevir" daha böyük hədəflər üçün mübarizə aparacaq.
- Yeni mövsümün komandasını formalaşdırırsınızsa, hələlik sonuncu transferləriniz Murad Dadaşevlə niyə beş aylıq müqavilə bağlamısınız?
- Murad müqavilə ilə “Turan Tovuz”a məxsusdur. Biz onu beş aylıq icarəyə götürə bildik. Ona görə də, yalnız bu müddəti əhatə edən müqavilə bağlamaq imkanımız oldu. Əgər Muradın “Turan Tovuz”la müqaviləsi olmasaydı, onunla uzunmüddətli müqavilə bağlaya bilərdik.
- “Neftçi”nin uğursuz çıxışı son dövrlər idman ictimaiyyətinin əsas müzakirə mövzularından biridir. Sabiq komandanız haqqında siz nə düşünürsüz?
- "Neftçi"yə yalnız uğurlar arzulayıram. Bu mövzuda başqa heç nə deyə bilmərəm.
Aytac Sahəd
İdman.biz