Bu gün Azərbaycan futbol tarixinin ən məşhur siması Tofiq Bəhramovun 100 illiyidir.
İdman.biz xəbər verir ki, bütün dünyada tanınan Azərbaycan hakimi 1925-ci ilin yanvarın 29-da Ağdamda anadan olub.
15 yaşında futbolçu karyerasına start verən Bəhramov "Spartak"ın gənclərdən ibarət komandasında çıxış etməyə başlayıb. Sonradan o, indi “Neftçi” adlanan "Neftyannik"ə keçib. Amma gələcəyin hakiminin futbolçu karyerası qısa sürüb. Ayağından aldığı ciddi zədə onun xəyallarının üstündən xətt çəkib.
Bu zədədən sonra da futboldan ayrıla bilməyən Bəhramov sevimli idman növündə qalmağa qərar verib. O, fəaliyyətini hakim kimi davam etdirmək qərarına gəlib.
Azərbaycanlı ədalət təmsilçisi artıq 26 yaşında - 1951-ci ildə SSRİ çempionatının matçlarına təyinat almağa başlayıb. 14 ildən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim adını alıb.
İki il sonra Bəhramovu bütün dünya tanıyıb. O, İngiltərədə keçirilən DÇ-1966-ya dəvət olunub. Həmyerlimiz mundialın həlledici görüşünə də yan xətt hakimi kimi təyinat alıb. O, İngiltərə və Almaniya arasında “Uembli”də baş tutan əfsanəvi qarşılaşmada ədalət təmsilçilərindən olub. Bəhramov Cefri Herstin mübahisələrə səbəb olan, amma sonradan doğru olduğu təsdiqlənən qolunun qeydə alınmasında pay sahibi kimi yaddaşlarda qalıb. Bu matça qədər yalnız baş hakimlər "Qızıl fit"lə təltif olunurdusa, “Uembli”dəki tarixi qərarına görə bu mükafat istisna kimi Bəhramova da verilib. Bununla da o, dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laynsman kimi düşüb. Həmin qarşılaşmadan sonra Böyük Britaniya kraliçası ona "Qızıl fit"i və "Qızıl ilahə"nin kiçik modelini təqdim edib.
Həmyerlimiz DÇ-1966-da bir oyunda baş hakim, üç matçda laysman olub. O, dörd il sonra Meksikada keçirilən mundialda da üç qarşılaşmaya təyinat alıb. Referi AVRO-1968 və AVRO-1972-nin də hakimləri sırasında yer alıb.
O, həm də avrokubokların finalına təyinat alan ilk SSRİ hakimi kimi tarixə düşüb. O, UEFA kubokunun 1972-ci ildəki "Vulverhemton" - "Tottenhem" görüşündə ədaləti qoruyub. Bəhramov 1972-ci ildə Qitələrarası kubokun "Ayaks" - "İntependyente" görüşünü də idarə edib. O, bu yarışın "Estudiantes" - "Mançester Yunayted" görüşündə isə laysman olub.
Bəhramovun Azərbaycan futbolunda xidmətləri böyük olub. 1975-ci ildə hakimliklə vidalaşan əfsanəvi referi azərbaycanlı ədalət təmsilçilərinin yetişməsinə də xidmət edib.
Təsadüfi deyil ki, 1992-ci ildə yaradılan AFFA-nın Hakimlər Komitəsinin ilk sərdi də olub. Bir müddət sonra isə Bəhramov qurumun baş katibi təyin edilib.
Bütün bunların nəticəsidir ki, Azərbaycanın bir nömrəli idman qurğusu - Respublika stadionuna onun adı verilib. Arenada dünyada ilk dəfə mərhum hakimə abidə də yerləşdirilib. Bundan başqa, onun haqqında sənədli film də çəkilib.
Qeyd edək ki, Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
İdman.biz