"Qarabağ" "Georgios Karaiskakis" stadionunda "Olimpiakos"un qonağı olacaq.
İdman.biz xəbər verir ki, bu görüş meydan sahibləri üçün xüsusi əhəmiyyət kəsb edəcək.
Avropa Liqasının son qalibi olan Pirey təmsilçisi qələbə sayəsində "ilk 8-liy"ə düşməklə pley-offdan qaça bilər. 12 xalla 12-ci pillədə qərarlaşan "Olimpiakos"u 8-ci pillədən 2 xal ayırır. Yunanlarla yanaşı "Qalatasaray", "Bodo-Qlimt", "Viktoriya Plzen", "Reyncers", "Alkmar" və "Yunion" xoşbəxt klublar arasında yer almaq uğrunda mübarizə aparacaq.
Məşhur "Opta" təhlil şirkəti son tur ərəfəsində komandaların imkanlarını dəyərləndirib. Araşdırmalara görə, "Olimpiakos"un "ilk 8-liy"ə düşmək şansı daha yüksəkdir. Pireneylilər 39,2 faiz göstərici ilə siyahıya başçılıq edirlər. Ola bilər "Qarabağ"ın Avropa Liqasında uğursuz mövsüm keçirməsi təhlillər zamanı öz əksini tapıb. Cəmi 3 xal toplayan Azərbaycan çempionu yeganə qələbəni Norveç səfərində əldə edib. "Olimpiakos"un doğma azarkeşlər qarşısında uğurlu oyununu da vurğulamaq lazımdır. Xose Luis Mendilibarın yetirmələri Pireydə keçidikləri 3 oyunun 1-də qələbə qazansalar da, digər görüşlərdə qalib müəyyənləşməyib. Unutmaq olmaz ki, "Qarabağ" 2022-ci ildə Pireydə rəqibinə 3:0 hesabı ilə qalib gəlməyi bacarıb. Düzdür, indi komandaların vəziyyəti kifayət qədər fərqlidir və coşqulu yunan azarkeşlərin qarşısında eyni nəticəni təkrarlamaq heç də asan olmayacaq.
“Opta”nın hesablamalarına görə, "Olimpiakos"dan sonra "ilk 8-liy"ə düşmək üçün "Qalatasaray" 37,6 faizlə daha şanslı hesab olunur. Son turdan əvvəl 8-ci pillədə olan "Styaua"nun şansı 31,2, "Bodo Qlimt"in isə 23,6 faizə bərabərdir.
İdman.biz