Çempionlar Liqasında turun HESABATI

Xəbərlər
30 Yanvar 2025 12:11
72
Çempionlar Liqasında turun HESABATI

Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin VIII turu statistik məqamlarla yadda qalıb.

İdman.biz xəbər verir ki, İFFHS günün matçlarında qeydə alınan rekordlar, ilklər və diqqətçəkən faktlarla bağlı hesabat hazırlayıb.

Yanvarın 29-da ÇL-də 64 qol vurulub. Bu turnirin tarixində ikinci ən məhsuldar gündür. Yarışın Çempionlar kuboku (ÇK) adlandığı dövrü də nəzərə alsaq, yalnız bir gün daha çox qol vurulub. 16 sentyabr 1970-ci ildə 66 qol qeydə alınıb.

"Lill" - "Feyenoord" (6:1) qarşılaşmasında qonaqlar ÇK/ÇL tarixinə bir oyunda 3 avtoqol vuran ilk komanda olub.

Gernot Trauner (“Feyenoord”) yarışın tarixində bir matçda 2 avtoqol vuran ilk oyunçudur.

“Feyenoord” ÇL-in cari mövsümündə 4 avtoqol vurmaqla “Jirona”ya çatıb. Hər iki komanda bir mövsüm ərzində öz qapısına ən çox qol vuran klub adına sahib olub. Əvvəlki rekordçu “Fənərbaxça” idi – 2007/08 mövsümündə 3 avtoqol.

“Feyenoord” ÇK/ÇL tarixində ən böyükhesablı məğlubiyyət antirekordunu təkrarlayıb. Niderland klubu 1965-ci ildə “Real”a 0:5 hesabı ilə uduzub.

“Feyenoord” klub tarixində ilk dəfə avrokubok oyununda 6 qol buraxıb.

"Lill" tarixində ilk dəfə ÇK/ÇL matçında 6 qol vurub.

Santyaqo Ximenes indi ÇK/ÇL-da “Feyenoord”un ən məhsulrar üçüncü bombardiridir - 7 qol. Van Hanegem (10) və Şonmaker (8) onu qabaqlayır, Kindvall və Tomasson da 7 qola sevinib.

Ximenes 1988/89-da Huqo Sançes və 2015/16-da Xavyer Ernandesdən sonra ÇK/ÇL mövsümündə 5 qol vuran üçüncü meksikalı oyunçu olub.

"Ştutqart"la görüşən PSJ (1:4) də dörd qol vurub. ÇL tarixində ikinci dəfə iki Fransa klubu eyni gündə ən azı 4 qol vurub. 8 dekabr 2004-cü ildə “Lion” və “Monako” müvafiq olaraq, “Sparta” və “Deportivo”nu eyni – 5:0 hesabı ilə məğlub edib.

Usman Dembele peşəkar karyerasında 2-ci dəfə het-trik edib. O, 6 mart 2016-cı ildə “Renn”in heyətində “Nant”la qarşılaşmada fərqlənib.

ÇL-də 5-ci dəfə PSJ-nin oyunçusu het-trik edib. Bunadək Zlatan İbrahimoviç, Layvin Kurzava, Kilian Mbappe və Neymar fərqlənib.

"İnter" "Monako"nu 3:0 hesabı ilə məğlub edib. İtaliya klubu 2016-cı ilin sentyabrında “Atletiko”dan sonra ÇL-də ardıcıl 6 ev oyununda qapısını toxunulmaz saxlayan ilk komandadır.

“İnter” 2005-ci ilin sentyabrında belə seriyaya imza atan “Yuventus”dan sonra bunu edən ilk İtaliya komandasıdır.

Lautaro Martines “İnter”in ÇL-dəki bombardiri Sandro Mazzolaya çatıb - 17 qol.

Lautaro Martines Samuel Etoodan sonra (29 sentyabr 2010-cu il “Verder”ə qarşı) sonra ÇL-də "İnter"in forması ilə het-trik edən ilk oyunçudur.

“Yanq Boyz” – “Srvena Zvezda” matçında (0:1) ortalama yaşı 24 il 201 gün olan İsveçrə təmsilçisi ÇL tarixinin ən gənc start heyətində meydana çıxıb.

"Bavariya" "Slovan"a 3:1 hesabı ilə qalib gələrək ÇL-in qrup və liqa mərhələlərində 34 ev oyununda (32 qələbə, 2 heç-heçə) uduzmur. Bu yarışın tarixində ən uzun seriyadır. “Barselona” 2009-2020-ci illər arasında 33 oyunluq seriyaya sahib idi.

"Borussiya” D - "Şaxtyor" görüşündə (3:1) fərqlənən Serj Guirassi bu mövsüm ÇL-də orta hesabla hər 51 dəqiqədən bir qol və ya məhsuldar ötürmə etdi (9 qol +2 assist). Bu, 300+ dəqiqə oynamış istənilən oyunçular arasında ən yaxşı nəticədir.

“Dinamo” Z – “Milan” oyununda (2:1) iki top buraxan qonaqlar ÇL-in eyni mövsümündə ardıcıl iki matçda 2+ qol buraxıb. Bunadək “Real” da italiyalılara 2 top vurub. Milanın eyniadlı klubu sonuncu dəfə 2011/12 mövsümündə belə seriyaya imza atıb ki, onda 3 belə görüş olub.

"Yuventus" - "Benfika" qarşılaşmasında (0:2) qol vurmayan İtaliya klubu ÇL-in cari mövsümündə 4-cü dəfə meydanı qolsuz tərk edib. Bu, Turin klubunun 2014/15 və 2003/04-də mövsümlərindəki antirekodunun təkrarıdır.

"Brügge"ni 3:1 hesabı ilə məğlub edən "Mançester Siti" ÇL-də keçirdiyi son 35 ev oyununda məğlub olmayıb - 30 qələbə, 5 heç-heçə. Yalnız “Bavariya” (1969-1991-ci illərdə 43 oyun) və “Barselona” (2013-2020-ci illərdə 38 oyun) evdə daha uzun məğlubiyyətsiz seriyaya malikdir.

İdman.biz

Məqalədə: