“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində və təəssüf ki, son tur ərəfəsində məlum olduğu kimi, ümumiyyətlə cari qitə mövsümündə son rəqibi “Olimpiakos”un bəzi futbolçuları turnirdə seçilənlər sırasındadırlar.
İdman.biz Pirey təmsilçisinin həm üstün, həm də zəif cəhətləri ilə fərqlənənlər sırasında olan futbolçuları haqqında məlumatı diqqətə çatdırır.
Avropa Liqasının Liqa mərhələsinin 5 qollu 5 bombardiri sırasında “Olimpiakos”dan Ayub El-Kaabi də var. Ancaq bu “beşlik”də ən çox (6) qol vəziyyəti qaçıran El-Kaabi, ümumiyyətlə turnirdə belə fürsətləri əldən verənlərin siyahısında, həmçinin qapıya endirilən zərbələrin sayında (21) 6-cıdır. Bu futbolçu 2 penalti qaçırması ilə də diqqəti çəkir ki, turnirin bu cür şanssız “beşliy”ində yer alır. Mərakeşli futbolçu 5 qolunun hamısını sol ayağı ilə vurub ki, bu sahədə də zirvəni “Qalatasaray”lı Yunus Akgünlə paylaşır.
El-Kaabi həm də turnirin ən çox ofsayda düşən futbolçusudur. Rəqibləri onu 14 dəfə belə “tələ”yə salıblar.
Topu ələ keçirmədə “Olimpiakos”un 2 futbolçusu 10-cu pilləyə şərikdir. Rodinei və Panaqiotis Petsos hərəsi 13 dəfə topu ələ keçiriblər.
135 dəfə top itirən Rodinei belə uğursuzların siyahısında 2-cidir. Mövqe mübarizəsində isə o, əksinə, daha yaxşı oynayır və 37 dəfə üstün olaraq ilk “onluq”da yer alıb.
Qapıçı Konstantinos Tzolakis qeyri-dəqiq ötürmələri ilə seçilən futbolçudur. 98 dəfə belə yanlışlığa yol verən qolkiper bu göstəricidə yalnız “Elfsborq”lu həmkarı İsak Petersondan az səhv ötürmə edib. “Olimpiakos”un qapıçısı 24 seyvlə bu sahədə turnirin 8-cisidir. O, həmçinin turnirdə ən çox “quru” oyun keçirmiş qapıçıdır. 7 oyundan 5-də rəqiblər onun qapısına yol tapa bilməyiblər. Rəqiblərinin üzərinə çıxmaqda ona turnirdə tay yoxdur. 14 çıxışdan 12-si uğurlu alınıb ki, hər iki göstəricidə o liderdir. Komandasının 7 oyunun hamısında əvvəldən axıra qədər oynayan Tzolakis 3 və daha artıq oyun keçirən qapıçılar arasında ən az (3) top buraxan qolkiperdir.
Vüqar Məmmədov
İdman.biz