"Mən ora gələndə demişdilər ki, "Mingəçevir" futbol klubunda belə şeylər var".
Bunu İdman.biz-ə "Mingəçevir" futbol klubunun sabiq baş məşqçisi Ədahim Niftəliyev deyib.
Mövsümün əvvəlində I Liqa klubuna rəhbərlik etmiş mütəxəssis danışılmış oyunlarla bağlı AFFA-nin sabiq futbolçularına qoyduğu qadağaya münasibət bildirib: "Evdə oyunu analiz edəndə görürdüm ki, beş nəfər yaxşı oynayırsa, üç nəfər yola verir. Halbuki o futbolçudan böyük nəticə gözləyirdim. Bu gün adı çıxanlardan şübhələndiklərim var idi. Ancaq konkret olaraq ad çəkmək istəmirəm”.
Niftəliyev vaxtilə bu haqda klub rəhbərliyə məlumat verdiyini də deyib: "Rəhbərliyə bu haqda məlumat verəndə bildirdilər ki, sübutun yoxdur. Oyunların nəticələri bunu göstərdiyini söyləyirdim. Sonra gördüm ki, rəhbərlik məni yola verir. Mən də bu haqda AFFA-ya şikayət elədim".
Qeyd edək ki, bu gün I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli AFFA tərəfindən danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.
Aytac Sahəd
İdman.biz