"Rəqibi təbrik edirəm. Çox vacib qalibiyyət əldə edərək pley-off mərhələsinə çıxdılar. Onlara növbəti mərhələdə uğurlar arzulayıram".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Olimpiakos"la oyundan sonra deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının sonuncu turunda 0:3 hesablı məğlubiyyəti şərh edib: "Bu gün yaxşı atmosfer vardı. Çox dinamik oyun getdi. Futbolçularımın yaxşı mübarizə aparması mənim üçün çox vacib idi. Onların ifasında bunu gördüm. Əfsuslar olsun ki, futbol səhvlər üzərində qurulub. Texniki səhvlərdən sonra qapımızda üç qol gördük. Hər bir halda avroliqa bizim üçün bitmişdi. Düşünürəm ki, növbəti mövsümə hazırlaşmaq üçün builki oyunlar bizim üçün böyük təcrübə oldu. Ümumiyyətlə, Avropada futbol tamamilə dəyişir. Məncə, biz gələn il üçün böyük fayda əldə etdik. Hər bir halda futbolçularımın yanındayam. Ötən illərdə belə mərhələlərdən keçmişik, həm uğurlarımız, həm də uğursuzluqlarımız olub".
- Bu gün "Qarabağ" Avropa Liqasında sonuncu yeri tutdu və ən çox qol buraxan komanda oldu. Halbuki ötən il təxminən bu vaxtlar "Qarabağ" 1/4 finala çıxmağa yaxın idi. Bu mənada oyun planında komandaya nə mane oldu ki, son illərin avrokuboklarda ən zəif nəticəsini göstərdi?
- Futbol elə bir oyundur ki, elə bir qaydası yoxdur hər il uğurlu olasan. Bəli, çox qol buraxdıq. Müdafiədə zəif çıxış etdiyimizi qəbul etməliyik. Digər tərəfdən çox yaxşı komandalara qarşı oynadıq. Ümumiyyətlə, Avropa təcrübəsinə baxsaq, görərik ki, nadir hallarda az top fərqki hesablar olur. Əlbəttə, ötən il daha yaxşı nəticə qazanmışdıq. Bəzən düşündüyünü meydanda edə bilmirsən, rəqib səndən daha üstün olur. Çatışmazlıqlarımızı görürük, aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Digər tərəfdən komandanı ilboyu eyni səviyyədə saxlamaq heç də asan deyil. Çünki futbol kollektiv oyundur. Oyun üslubunu qoruyub saxlamaq üçün futbolçuların da səviyyəsinin yüksək səviyyədə qalması çox vacibdir. Ola bilər ki, bu baxımdan da müəyyən problemlərimiz oldu. Qarşıda vaxtımız olacaq ki, oyunlarımızı daha yaxşı analiz edib səhvlərimizi tapaq.
- Komandanızın yaxşı mübarizə apardığını qeyd etdiniz. Ancaq son iki Avropa Liqasının oyununda, xüsusilə də, Juninyonun gedişindən sonra komandanın hücum xəttində problemlər görünməyə başladı. Juninyonun satışından əldə olunan vəsaitlə "Qarabağ"a 1-2 milyon dəyərində hücumçu almağı düşünürsünüzmü?
- Məncə, bu sualın ətrafında danışmalı olsam, bir xeyli vaxt lazım olacaq. Juninyo haqqında onu deyə bilərəm ki, yaxşı oyunçu idi. Həmişə demişəm ki, sağlam futbolçuların sayı nə qədər çox olsa, mənim işim bir o qədər asanlaşır. Altı oyunun beşində biz məğlub olmuşduq. Həmin vaxt Juninyo da bizimlə idi. Matçlar olub ki, kimlərsə oynamasa belə yaxşı nəticələr əldə etmişik. Ümumi oyunların gedişatına baxsaq, heç də zəif təsir bağışlamamışıq. Biz bu gün Juninyonun satışından əldə olunan beş milyondan danışırıqsa, bu pulla bizim işlərimiz düzəlməyəcək. Çünki hər il oynadığımız komandaların ümumi büdcələri müqayisə etsək, biz son pillələrdə qərarlaşırıq.
Ola bilər, kənardan görünür ki, hücum xəttində dişsizlikdir və yaxud digər mövqelərdə problemlər var. Bunadək beş milyona oyunçu satmırdıq, ancaq keyfiyyətli komanda formalaşdırmışdıq. Bu gün də komanda keyfiyyətli oynayır, sadəcə uğursuz il oldu. Komandanı formalaşdırmaq haqqında biz aylardır ki, düşünürük. Əfsuslar olsun ki, bu istiqamətdə müəyyən çətinliklərimiz var. Ancaq nələrisə dəyişmək üçün əlimizdən gələni edəcəyik. Görək, qarşıda vaxtımız olacaq. İnanıram ki, problemin əlli faizini həll edə biləcəyik.
Qeyd edək ki, "Qarabağ" səfərdə "Olimpiakos" 0:3 hesabı ilə uduzub.
Aytac Sahəd
İdman.biz