Bəxtiyar Musayevin “Qarabağ”la bağlı TƏƏSSÜFÜ

Xəbərlər
31 Yanvar 2025 17:02
67
Bəxtiyar Musayevin “Qarabağ”la bağlı TƏƏSSÜFÜ

“Təəssüf ki, bu mövsüm “Qarabağ”ın nəticələri qənaətbəxş olmadı”.

Bunu İdman.biz-ə futbol mütəxəssisi Bəxtiyar Musayev deyib.

O, Avropa Liqasının Liqa mərhələsinin VIII turunda keçirilən "Olimpiakos" - "Qarabağ" oyununu şərh edib. Mütəxəssis beynəlxalq arena uğursuz çıxışın səbəblərindən danışıb: “Əfsuslar olsun ki, dünən "Qarabağ" yenə məğlub oldu. Hərçənd komanda ilk hissəyə pis başlamamışdı. Ancaq sonradan rəqib təzyiqi artırdı. Düzdür, növbəti mərhələ şansımız yox idi, amma xal qazanmaq olardı. Rəqib üçün isə bu üç xal çox önəmli idi. Ona görə də, daha istəkli görünürdülər. Azarkeşlərin də möhtəşəm dəstəyilə ikinci hissədə basqını bir az da artırdılar və qələbəni təmin etdilər. Təəssüflər olsun ki, nəinki "Qarabağ"da, ümumiyyətlə, Azərbaycan futbolunda standart vəziyyətlərdə problemlər yaranır. Dünənki qolların da ikisini standart vəziyyətdən buraxdıq. Juninyonun yoxluğu da matçda hiss olunurdu. O, Ağdam təmsilçisi üçün çox əhəmiyyətli futbolçu idi. Juninyo rəqibi daim təzyiqdə saxlayır, təhlükəli epizodlar yaradıb qollar vururdu. Əlbəttə ki, onun gedişinin son məğlubiyyətlərə müəyyən mənada təsiri var. Ümid edirəm ki, “Qarabağ” braziliyalının yerinə layiqli hücumçu tapacaq”.

Mütəxəssisin sözlərinə görə, Azərbaycan çempionunun mübarizəni dayandırmasında bəxtsizlik də rol oynayıb: “Qarabağ yeddi oyun uduzub, cəmi bir qələbə qazandı. Bəzən bəxtsizlik, bəzən də ani xırda səhvlər məğlubiyyətə gətirib çıxardı. Xal hesabına görə, “Qarabağ” sonuncu pillədə qərarlaşsa da, bu mövsüm göstərdiyi oyuna zəif deyə bilmərik. Çünki adlı-sanlı rəqibləri ilə başa-baş mübarizə apardığı oyunları da gördük. İstənilən halda, hər şey artıq geridə qaldı. Gələcəyə baxmaq lazımdır. Düşünürəm ki, Qurban Qurbanov bu səhvləri görəndən sonra daha yaxşı nəticələr üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub.

Aytac Sahəd
İdman.biz