“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin son oyununda uduzaraq özü turnir cədvəlinin son pilləsinə yuvarlandığı halda, rəqibi “Olimpiakos”a nəinki 1/8 finala birbaşa çıxmağa şərait yaradıb, eləcə də bəzi pireylilərə Avropa Liqası tarixinin ilk Liqa mərhələsinin rekordçusu olmağı təmin edib.
İdman.biz “Olimpiakos” futbolçularının bir sıra sahələrdə turnirin ən yaxşısı olmalarında Ağdam təmsilçilərinin rolunu nəzərdən keçirib.
İlk növbədə bombardirlik mübarizəsini qeyd edək. Son tura 5 futbolçu hesabında 5 qolla gəlmişdi. Onların sırasında olan “Olimpiakos”un forvardı Ayub El-Kaabi 4 dəqiqə ərzində “Qarabağ”ın qapısına 2 qol vurmaqla hesabını 7 topa çatdırıb. Bu həddə başqa heç bir futbolçu çata bilmədiyindən, mərakeşli Liqa mərhələsinin ən yaxşı bombardiri olmaqla bu mərhələnin ilk rekordçusu olub. İndi turnirin davamında da o, rəqiblərindən üstün durumda olacaq. El-Kaabi, həmçinin bütün qollarını sol ayaqla vuraraq, solaxay bombardirlərin də ən yaxşısı olub.
Zərbə sayında (26) və qapı çərçivəsinə gedən zərbələrin (13) sayında El-Kaabinin 1-ci olmasına Viktor Osimhen (“Qalatasaray”, 40 və 16) imkan verməyib.
Futbolçu turnirin ofsayd rekordçusu (15) da olub. Ancaq bunda “Qarabağ”ın rolu olmayıb. Son tur oyununda mərakeşlinin 1 dəfə ofsayda düşməsi heç nəyə təsir göstərməyib. Çünki, ondan sonra ən çox 9 dəfə ofsayda düşən olmuşdu.
Konstantinos Tsolakis Liqa mərhələsinin ən çox “quru oyun” keçirmiş qapıçısı (6) kimi, ən azından 1 il rekordçu adını özündə saxlayacaq. Bu həm onun özünə, həm də komandasına aiddir.
O, 8 oyuna cəmisi 3 qol buraxmaqla turnirin 3-dən çox oyun keçirən qapıçıları arasında ən az qol buraxan qapıçısı olub. Burda da rekord elə komandaya da şamildir.
“Olimpiakos”un qolkiperi topa çıxmaqda (16) və bu çıxışlarda uğurlu olmaqda (14) ən yaxın izləyici həmkarlarını 2 dəfədən də çox qabaqlayıb.
Qeyri-dəqiq ötürmələrdə Tsolakis (108) İsak Petersondan (“Elfsborq”, 149) sonra 2-ci olub.
Yunan klubu topu ələ keçirmədə (116) Liqa mərhələsinin ən yaxşısı olub.
Vüqar Məmmədov
İdman.biz