"Kəpəz" öz istədiyindən də yüksək səviyyədə oynayır".
Bunu İdman.biz-ə "Sabah" futbol klubunun sabiq baş məşqçisi Ramin Quliyev deyib.
Mütəxəssis Misli Premyer Liqasının XXI turunda baş tutan "Kəpəz" - "Sabah" oyununu şərh edib. O bildirib ki, sabiq komandası meydana inamlı çıxsa da, gözlənilməz məğlubiyyətə üzülüb: "Görünür, bu oyundan xal götürəcəklərlərinə əmin idilər. Sadəcə müəyyən boşluqlar uğursuz nəticəyə gətirib çıxardı. Yusif İmanovun adi epizodda buraxdığı səhv qolla nəticələndi. Əgər top çıxmışdısa, yenidən oyuna qaytarmaq vacib deyildi. Ümumiyyətlə, bu gün "Sabah"da qapıçı problemi var. Səhv etmirəmsə, klub artıq yeni qapıçı ilə müqavilə bağlayıb. "Sumqayıt"la oyunda da "Sabah"ın qələbə qazanmaq ehtimalı vardı. Ancaq komanda bir çox qol epizodlarını dəyərləndirə bilmədi".
Mütəxəssisin sözlərinə görə, komandada müəyyən problemlər olsa da, vəziyyət acınacaqlı deyil: “İlə uğursuz başlamaları komandanın qələbə inamını itirməsinə səbəb olub. Əslində, düşünmürəm ki, "Sabah"ın indiki vəziyyəti pisdir. Hücum xəttində komanda çox yaxşıdır, sadəcə müdafiədə və qapıda bir balaca problemlər yaşayır. Fikrimcə, bir qələbə lazımdır ki, komanda bu vəziyyətdən çıxsın. Yeni baş məşqçi gələndə qələbələr oldu, müəyyən müddət belə uğursuzluqların olması da normaldır. Məncə, komanda bu çətin vəziyyətdən çıxa biləcək. "Kəpəz" isə "Sabah" üçün soyuq duş effekti yaratdı”.
Quliyev bildirib ki, qış fasiləsindən sonrakı matçlar heç kimin "Şamaxı", "Kəpəz", yaxud da "Sumqayıt"dan asanlıqla xal alamadığını göstərir: "Görünən odur ki, bütün komandalarımız istənilən oyunda xal itirə bilər. "Sabah"ın isə hazırda avrokubok oyunlarından kənarda qalmaq təhlükəsi yaranıb, çünki ilk “dördlük”dən getdikcə uzaqlaşır".
Qeyd edək ki, “Kəpəz” Tovuzda “Sabah”ı 3:2 hesabı məğlub edib.
Aytac Sahəd
İdman.biz