Legioner limiti – digər ölkələrdə vəziyyət necədir?

Təhlil
5 Fevral 2025 13:48
103
Legioner limiti – digər ölkələrdə vəziyyət necədir?

Futbol üzrə Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi birmənalı qarşılanmır. Bu qərarın tərəfdarları da var, tənqidçiləri də. Ölkəmizə legioner axınının müsbət və ya mənfi nəticələrini zamanla görəcəyik.

Bəs Azərbaycana yaxın digər ölkələrdə bu mövzu ilə bağlı vəziyyət nə yerdədir?

Son illər Özbəkistan futbolunun inkişafda olduğunu deyə bilərik. 2023-cü ildə ilk dəfə U-20 Asiya çempionu olan gənclər millisi tarixində beşinci dəfə U-20 dünya çempionatında iştirak edib. 2024-cü ildə isə Olimpiya oyunlarının futbol turnirində debüt edən Özbəkistan 2026-cı ilin dünya çempionatına da çıxmağa yaxındır.

Əsas millinin heyətində "Mançester Siti" (Abdukodir Xusanov) və "Roma" (Eldor Şomurodov) kimi klubların futbolçuları olsa da, yerli çempionatdan oyunçular da kifayət qədərdir. Ötən mövsüm Özbəkistan çempionatında heyəti ancaq yerli gənclərdən ibarət "Olimpik" də olub, legionerlərin xidmətindən istifadə edənlər də. Limitə gəlincə, klublar 6 əcnəbi futbolçunu heyətlərinə qata bilərlər.

Yeri gəlmişkən, Özbəkistan hazırda Asiya milli çempionatlarının reytinqində Səudiyyə Ərəbistanı, Yaponiya, Cənubi Koreya, BƏƏ, İran, Qətər, Çin və Tailanddan geri qalaraq 9-cu pillədə qərarlaşıb.

***

Özbəkistanın qonşusu, amma futbolda çoxdan Asiyadan Avropaya keçmiş Qazaxıstanda isə legioner limitini ötən mövsümdən ləğv ediblər. Artıq meydana 11 əcnəbi oyunçunu buraxmaq mümkündür, əvvəllər isə onların maksimum sayı yeddi nəfərlə məhdudlaşırdı. Yeganə tələb odur ki, iştirak ərizəsində ən azı 13 yerli futbolçu yer almalıdır.

Amma bu qərarın təşəbbüskarı olan federasiya rəhbərliyi artıq dəyişdiyindən məsələ yenidən gündəmə gəlib. Federasiyadakı müzakirələrdə iştirak ərizəsinə maksimum 10 legionerin daxil edilməsi, həmçinin 21 yaşdan aşağı ən azı iki futbolçunun olması variantı səsləndirilib. Yəni əvvəllər 25 futbolçudan ibarət iştirak ərizəsində 13-ü yerli olmalı idisə, indi belələrinin sayı 15 olacaq.

Bu mövsüm Qazaxıstan klublarından yalnız "Astana" UEFA Konfrans Liqasının əsas mərhələsinə çıxa bilib ki, o da 28-ci yeri tutaraq artıq mübarizəni dayandırıb.

***

Qonşumuz Gürcüstan tarixində ilk dəfə ötən il Avropa çempionatında çıxış edib. Amma ölkə çempionatının UEFA reytinqində 50-ci olması millinin uğurları ilə tərs mütənasibdir. Gürcüstanda klublar heyətlərinə 15 əcnəbi futbolçu qata bilərlər ki, onlardan da yalnız ilk beşinə görə ödəniş etmək tələb olunmur.

Jurnalist Levan Qabaşvili "Bu sayda legionerin Gürcüstan futboluna faydası olmayacaq" başlıqlı məqaləsində bəzi maraqlı məqamları vurğulayır: "Əsas olan əcnəbilərin sayı deyil, onların nümayiş etdirdiyi oyunun keyfiyyətidir. Bu baxımdan, "Dinamo"da çıxış etmiş Xisko Munyosdan başqa, Gürcüstanda oynamış hansısa legioneri xatırlamaq mümkündür?
Gürcüstandakı legionerlərin orta aylıq maaşı 5-7 min dollardır. Aşağı liqada çıxış edən yerli futbolçular isə ayda cəmi 500-700 lariyə (300-420 AZN) oynayırlar.
Müstəqil Gürcüstan futbolu tarixində yalnız bir dəfə Tbilisi "Dinamo"su avrokubokların qrup mərhələsinə düşüb ki, bu da 2004/05 mövsümündə olub. Amma komanda UEFA kubokunun qrupunda zəif çıxış edərək, bütün oyunlarda uduzub. O vaxtdan 20 il keçib və Gürcüstanın hansısa klubunun avrokubokların əsas mərhələsinə düşməsi ehtimalı nəinki artmayıb, əksinə, futbolçular və azarkeşlər üçün gerçəkləşməsi mümkünsüz arzuya çevrilib".

Rasim Mövsümzadə
İdman.biz

Məqalədə: