Nail Kərimov: “Limitin ləğvi klubların akademiyalarının inkişafına mənfi təsir göstərə bilər”

Xəbərlər
5 Fevral 2025 14:41
52
Nail Kərimov: “Limitin ləğvi klubların akademiyalarının inkişafına mənfi təsir göstərə bilər”

“Legioner limitinin ləğvi futbolumuz üçün vacib məsələ deyil”.

Bunu İdman.biz-ə “Qarabağ” futbol akademiyasının meneceri Nail Kərimov deyib.

O, AFFA-nın legioner limitinin ləğvi ilə bağlı qərarını şərh edib. Mütəxəssisin sözlərinə görə, bu qərar uşaq futbolunun inkişafına ciddi təsir göstərməyəcək: “1992-ci ildən ölkədə keçirilən çempionatlarda hər cür sistem tətbiq olunub. Limitin olmadığı bəzi dönəmlərdə klubların legioner gətirməyə imkanı çatmadığı üçün yalnız yerli futbolçularla oynayıblar. Müxtəlif zamanlarda 8+3, 6+5 kimi sistemlər də tətbiq olunub. Ancaq müstəqillik dönəminin ümumi futbol mənzərəsinə baxanda görürük ki, hansı sistemin tətbiq edilməsindən asılı olmayaraq, uğurlu nəticə yoxdur. Müəyyən dövrlərdə nisbətən mənfiyə, yaxud da müsbətə doğru vəziyyət dəyişsə də, fərq çox cüzi olub. Əgər sırf aşağı yaş qrupları üzrə komandalardan söhbət gedirsə, nəticələr aşağı-yuxarı eynidir. Xatırladığım qədərilə, 17 və 19 yaşadək milli komandalarımız Avropa çempionatının ilk mərhələsini cəmi dörd, ya beş dəfə keçə biliblər. Halbuki söhbət 30-dan yuxarı cəhddən gedir. Bu o deməkdir ki, problem heç də legioner limiti ilə bağlı deyil. Əsas olan işin düzgün qurulması və keyfiyyətli futbolçuların yetişdirilməsidir”.

Kərimov bildirib ki, legioner limiti ilə bağlı qərar daha çox klubların akademiyalarına təsir göstərə bilər: “Klublar AFFA-dan və sponsorlardan əldə etdikləri vəsaitin müəyyən bir hissəsini akademiyaların fəaliyyətinə yönləndirirlər. Akademiya isə beş-on illik plan deməkdir. Bir il vəsait ayırmaqla bu işdə nəticə almaq mümkün deyil. Məlum qərardan sonra klub rəhbərləri düşünə bilər ki, aşağı büdcə ilə legioner gətirib oynada bilirəmsə, niyə akademiyaya yatırım edim? Bu nöqteyi-nəzərdən legioner limitinin ləğvi klubların akademiyalarının inkişafına mənfi təsir göstərə bilər. Ancaq fərqli düşünən rəhbərlər ola bilər ki, yenə uşaq futboluna yatırım etsin. Bunu zaman göstərəcək. İndiki şəraitdə birmənalı şəkildə vəziyyətin pis, yaxud da yaxşı olacağını demək mümkün deyil. “Limitin olmaması yerli futbolçuların xaricə üz tutmasına təkan verəcək” fikri də məntiqli deyil. Əgər futbolçu istedadlı deyilsə, nə burada oynaya biləcək, nə də xaricdə. Oynaya bilməyən futbolçunu da xarici klub niyə alsın?”.

Akademiya rəsmisinin fikrincə, vacib olan yerli futbolçuların yetişdirilməsi istiqamətində düzgün addımların atılmasıdır. Kərimov buna nümunə olaraq bir vaxt çalışdığı “Qəbələ” Futbol Akademiyasının sistemini qeyd edib: “Qəbələ”də prosesin gedişatında bir sıra məqamlar vacib rol oynayırdı. Birinci məsələ maliyyənin düzgün bölüşdürülməsi idi. Əlbəttə, heç bir halda maliyyə əsas komanda ilə akademiya arasında bərabər bölüşdürülə bilməz. Ancaq orada müəyyən proporsiyalar qorunurdu ki, nəticədə akademiyaya yaxşı vəsait ayrılsın və həmin pul düzgün istiqamətə xərclənsin. Digər tərəfdən vaxtında atılmış addımlar, yaxşı qurulmuş infrastruktur, köməkçi obyektlər imkan verirdi ki, futbolçularla keyfiyyətli iş aparılsın. Həm Avropa, həm də bizə yaxın olan ölkələrin təcrübəsindən istifadə olunurdu. Eyni zamanda, bir neçə xarici mütəxəssis sistemin qurulmasında bizə yaxından kömək etdi. Yerli kollektiv hazır olduqdan sonra səmərəli iş görmək mümkün oldu. Akademiyanın özünün məşq, oyun fəlsəfəsi vardı. Bunların sayəsində “Qəbələ”də Azərbaycan səviyyəsində yaxşı futbolçular yetişdi. Nə vaxt ki, klubun maddi vəziyyəti çətinləşdi, inkişaf tempi də aşağı düşdü. Əlbəttə ki, uğurlu nəticə üçün çox çalışmaq lazımdır, ancaq maliyyə faktoru da prosesin gedişatında vacib rol oynayır”.

Qeyd edək ki, iki gün öncə AFFA İcraiyyə Komitəsi ölkə çempionatında legioner limitini ləğv edib, yeni mövsümdə komanda sayının 12-yə yüksəldilməsinə qərar verib. 2025/2026 mövsümünün əsasnaməsi və formatı isə İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

Aytac Sahəd
İdman.biz