Qadınlardan ibarət Azərbaycanın əsas millisinin və “Qalatasaray”ın futbolçusu Nazlıcan Parlak Sportal.az saytına müsahibə verib. İdman.biz xəbər verir ki, bu mövsüm Türkiyə klubunun heyətində Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş Parlak həmin oyunlarda qazandığı təcrübədən də söhbət açıb.
- “Qalatasaray” hazırda Superliqada 5-ci pillədə yer alıb. Lider “Fənərbaxça”dan 10 xal geridə qalmısınız. Bu qədər fərqin səbəbi nədir?
- Bu mövsüm Çempionlar Liqasında iştirak etdik. Oradakı görüşlər də çox çətin keçdi. Oyun qrafikimiz çox sıx idi. Bu da Superliqada xal itkisi yaşamağımıza təsir etdi. Amma mübarizəmizi davam etdiririk.
- “Qalatasaray” Çempionlar Liqasında “Roma”, “Volfsburq” və “Lion”la eyni qrupda yer aldı. Bütün matçları məğlub oldunuz. Amma hər halda, sizin üçün çox yaxşı təcrübə oldu?
- Təbii ki, bizim üçün çox yaxşı təcrübə oldu. İlk dəfə Türkiyə klubu Çempionlar Liqasında qruplarda yer alırdı. Rəqiblərimiz çox güclü idi. “Roma”, “Volfsburq”, “Lion” illərdir ki, qruplarda mübarizə aparırlar. Əminəm ki, Çempionlar Liqasının qruplarına növbəti dəfə vəsiqə qazananda, bu cür olmayacaq. Çox inanıram.
- Çempionlar Liqasında oynayaraq Avropa klublarının diqqətini çəkə bildin? Təklifin var?
- Qruplara vəsiqə qazanmaq üçün çıxdığımız pley-off görüşündə qol vurmuşdum. Buna görə də digər klubların diqqətini çəkdiyimi düşünürəm. Amma düzünü deyim, hələ ki heç bir klubdan təklif almamışam. İndi də bütün fikrimi “Qalatasaray”ın oyunlarına yönəltmişəm.
- “Qalatasaray”ın bu sezon Superliqada çempion olacağına inanırsan? Yoxsa, “come back" etmək mümkün görünmür?
- Biz də bunun üçün qalan bütün görüşləri qazanmağa fokuslanmışıq. İşlərimiz də çox yaxşı gedir. Ümidvaram ki, rəqiblərimiz xallar itirəcək və yenə də çempion olacağıq. Bizim istəyimiz çempionluqdur, ancaq necə olacağını mövsümün sonu göstərəcək.
- Qarşıdakı ay Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq. Bu görüşdə şanslarınızı necə dəyərləndirirsən?
- Biz daha öncə də onlarla həm evdə, həm də səfərdə qarşılaşmışıq. Elə hər iki görüşdə də məğlub edə bilmişik. Onlardan daha yaxşı olduğumuzu sübut etmişdik. İnanıram ki, yenə də Monteneqro yığmasını məğlub edə biləcəyik.
- Qrupdakı rəqiblərinizdən digəri isə Litva millisidir. Ümumiyyətlə, Monteneqro və Litva ilə yer aldığınız qrupu lider başa vura bilərsiz?
- Bəli. Biz qrupda lider başa vuracaq gücdəyik. Lider olacağımıza inanıram. Sona qədər mübarizə aparacağıq.
- AFFA futbolumuzla bağlı yeni strategiya yazıb və qadın futbol millimiz haqda da bu cür məqsəd var: qarşıdakı 3 il ərzində FİFA reytinqində 50-ci pilləyə yüksəlmək. Bunu etmək mümkündür?
- Təbii ki, realdır. Bu cür davam edərsək, daha da yaxşısını edə bilərik. Çünki güclü və yaxşı komandamız var. Çıxdığımız hər görüşdə qələbə üçün oynayırıq.
İdman.biz