Kadi, yoxsa Romao? - ARAŞDIRMA

Təhlil
11 Fevral 2025 14:27
86
Kadi, yoxsa Romao? - ARAŞDIRMA

“Qarabağ”ın “Ferensvaroş”la Julio Romao ilə Kadi Borgesi barter etməsi hansı tərəfə daha faydalı olacaq?

İdman.biz bu iki braziliyalı futbolçunun bu mövsümdə ölkə çempionatlarındakı statistik göstəricilərini müqayisə edərək, kimin nədə üstün olmasını üzə çıxarmağa çalışıb.

Kadi “Ferensvaroş”da 10-u start heyətində olmaqla 13 oyunda 767 dəqiqə meydanda olub. Romao “Qarabağ”da 11-i start heyətində olmaqla 15 oyunda 931 dəqiqə oynayıb.

Kadinin 24 zərbəsindən 7-si qapı çərçivəsinə gedib ki, onun da 2-si qol olub. Romaonun 8 zərbəsindən 2-si qapı çərçivəsinə gedib, ancaq heç birində top tora daxil olmayıb.

Driblinqlərdə Romaonun 19-un 10-a üstünlüyü var. Rəqibin driblinqdən onu keçməsinə isə Kadi 6, Romao 29 dəfə imkan verib.

Kadinin 412 ötürməsinin 315-i (76,6 faizi) dəqiq olub ki, onun 2-si qol ötürməsi kimi yadda qalıb. Uzun ötürmələrinin 22-si dəqiq olub.

Romaonun 673 ötürməsindən 616-sı (91,53 faiz) dəqiq olub. Onların sırasında qol ötürməsi yoxdur. Uzun ötürməsi isə 35 dəfə ünvana çatıb.

Ümumilikdə 55 dəfə (56,7 faiz) təkbətək mübarizədən qalib ayrılan Kadi 4 dəfə (57,14 faiz) hava mübarizəsində üstün olub. Romao bunlardan birində 80 (38,46 faiz), digərində 5 (38,46 faiz) dəfə fərqlənib.

Müdafiədə Kadi 7, Romao 5 dəfə topu çıxarıb.

Kadinin rəqibin zərbəsinə səbəb olan səhvi olmasa da, Romao 5 dəfə belə nöqsana yol verib.

27 dəfə qayda pozan Romao “Qarabağ”ın ən kobud oyunçusu olub. Kadi isə cəmi 5 dəfə qayda pozub.

Fola məruz qalmada isə rəqibləri Kadiyə qarşı 26, Romaoya qarşı 14 dəfə kobudluq ediblər.

Kadi 2 sarı, 1 qırmızı vərəqə aldığı halda, Romaonun 6 “sarı”sı var.

Göründüyü kimi, hər futbolçunun öz üstünlüyü var. İki yarımmüdafiəçidən Kadi daha ön mövqedə rəqib qapısına daha yaxın oynayır, zərbələri və qolları, eləcə də mübarizədə uğurlu olması ilə keçmiş komanda yoldaşından fərqlənir. Kobudluğu ilə seçilən Romaonun üstün cəhəti ötürmələrinin dəqiqliyi və driblinqləridir.

Vüqar Məmmədov
İdman.biz