“Neftçi” qayıdır? – TARİXƏ BAXIŞ

Təhlil
11 Fevral 2025 15:33
45
“Neftçi” qayıdır? – TARİXƏ BAXIŞ

Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən “Neftçi” ardıcıl 3-cü qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, Bakı klubu Misli Premyer Liqasının XXII turunda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Ağır günlər yaşayan “ağ-qaralar” bundan əvvəlki iki görüşdə də qalib gəlib. Samir Abasovun komandası XXI turda “Şamaxı”nı 1:0, ölkə kubokunun 1/4 finalının ilk oyununda “Kəpəz”i 2:0 hesabı ilə yenib.

9 dəfə Azərbaycan çempionu, 6 dəfə kubokun qalibi olan komanda üçün 3 qələbədən ibarət seriya sıradan bir şey sayılmalı idi. Amma son illərin “Neftçi”si üçün bunun özü də həsrətlə gözlənilən seriyadır.

Bakı təmsilçisi ardıcıl üç qələbəni sonuncu dəfə 26 ay əvvəl qazanıb. 2022/23 mövsümünün ortalarındakı həmin seriyadan sonra “ağ-qaralar” yetərincə qara günlər görüb.

2022-ci ilin dekabrındakı 3 qələbə də indiki kimi 2 çempionat və 1 kubok matçından ibarət olub. Hərçənd, kubokda “Zirə” ilə oyun əlavə vaxta qədər sürüb. 90 dəqiqəni 1:0 öndə tamamlayan “Neftçi” qarşılaşmanı yarımsaat uzadıb və yekunda da sevinən tərəf olub – 3:1.

Dekabrın 20-dəki həmin görüşdən 5 gün əvvəl səfərdə “Turan Tovuz”u 1:0 məğlub edən “Neftçi” ayın 23-də “Şamaxı”nı 3 qola qonaq edib. 2022-ci ili bu seriya ilə başa vuran komanda 2023-cü və 2024-cü illərdə ardıcıl 3 qələbə nə olduğunu görməyib. Onda hələ paytaxt klubunu Laurentsiu Regekampf çalışdırırdı.

Qeyd edək ki, “Neftçi” 22 oyundan sonra 24 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.

Vüqar Xeyrullayev
İdman.biz