İlham Yadullayev: “Belə qarşılaşmalar böyük təcrübədir”

Xəbərlər
11 Fevral 2025 16:47
49
İlham Yadullayev: “Belə qarşılaşmalar böyük təcrübədir”

“Toplanışımız ayın 14-dən Minskdə davam edəcək”.

İdman.biz xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev deyib.

O, AFFA-nın rəsmi saytına açıqlamasında bu gün başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib: “Eyni zamanda İspaniyanın “Marcet” komandasından 5 futbolçu dəvət etmişik. Hazırda ölkə çempionatında iştirak edən futbolçulara üstünlük vermişik”.

Yadullayev fevralın 16-dan 22-dək Belarusda təşkil olunacaq İnkişaf Kuboku turniri barədə də danışıb. Baş məşqçi B qrupunda Rusiya, İran və Qazaxıstan yığmaları ilə keçiriləcək matçlara yaxşı hazırlaşdıqlarını deyib: “İlk görüşümüz Rusiyaya qarşı olacaq. Rəqibin oyununu təhlil etmişik. Ümumiyyətlə, rəqiblərimiz yaxşı komandalardır və turnirin səviyyəsi yüksəkdir. Məqsədimiz komanda şəkilində maksimum dərəcədə uğurlu çıxış etməkdir. Heyətə cəlb olunan yeni oyunçuları sınamaq istəyirik. Rusiya ilə matçın ertəsi günü İran kollektivi ilə üz-üzə gələcəyik. Qısa müddətdə ardıcıl görüşlərə çıxmaq çətinlik yarada bilər. Ancaq ümumilikdə belə qarşılaşmalar futbolçularımız üçün böyük təcrübədir”.

İnkişaf Kuboku martda baş tutacaq Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin oyunlarına hazırlıq xarakteri daşıyır. B Liqasında yer alan U-17 millimiz VI qrup çərçivəsində martın 19-da Albaniya, 22-də isə Uels yığması ilə qarşılaşacaq. Yadullayev əsas diqqətlərinin məhz Albaniyada keçiriləcək həmin matçlara yönəldiyini vurğulayıb: “İnkişaf Kuboku Avropa çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyır. Martdakı rəsmi oyunlarda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-17 İnkişaf Kuboku çərçivəsində fevralın 16-da Rusiya, 17-də İran, 19-da isə Qazaxıstan komandası ilə qarşılaşacaq. Turnirdə həlledici görüşlər fevralın 21-də keçiriləcək.

İdman.biz