Futbol mütəxəssisi Bəxtiyar Musayevin İdman.biz-ə müsahibəsi
- Azərbaycan futbolunda qış transfer pəncərəsi dünən gecə bağlandı. Sizcə, bu dövrdən klublarımız yetərincə faydalana bildimi?
- Bir-iki klubumuz istisna, digərləri əsasən sərbəst futbolçular axtarır. Bu maliyyə baxımından daha sərfəlidir. Çünki belə olanda heç bir kluba futbolçuya görə pul ödəmirlər. Sərbəst oyunçuları isə qış transfer pəncərəsində tapmaq çətin olduğu üçün bu dönəmdə klublarımız o qədər də aktiv olmurlar.
- Artıq bəzi yeni transferlər Premyer Liqada debüt edib. Onların içərisində diqqətinizi çəkən futbolçular oldu?
- Dövrə yeni başlayıb. Deyə bilərəm ki, hələ parlaq oyunu ilə seçilən transfer görmürəm. Bir neçə turdan sonra transferlərlə bağlı konkret nəsə demək olar. Hələlik bu barədə danışmaq tezdir.
- Qış transfer pəncərəsinin ən yaddaqalan hadisələrindən biri Juninyonun “Flamenqo”ya transferi oldu. Siz braziliyalının gedişini necə dəyərləndirirsiniz?
- Juninyonun gedişini ciddi itki hesab etmək olar. O, çox yaxşı hücumçu idi. Belə hücumçuları tapıb gətirib Azərbaycan klublarında oynatmaq asan deyil. Ümid edirəm ki, tez bir zamanda “Qarabağ” Juninyonun yoxluğunu unutduracaq futbolçu tapa biləcək.
- Bəs Kadi Borgesin dönüşü haqqında nə deyə bilərsiniz?
- Kadi "Qarabağ"da çox yaxşı çıxış etmişdi. Ümid edirəm ki, yenidən qayıdandan sonra da ən azı əvvəlki oyununu nümayiş edər və "Qarabağ"ın gücünə güc qatar. Kadinin uyğunlaşma problemi olmayacaq, çünki futbolçuların çoxunu tanıyır, baş məşqçinin nə etmək istədiyini bilir. Ümid edirəm ki, “Qarabağ” Kadi ilə daha da inamlı çıxış edəcək və onun da öz növbəsində komandaya töhfəsi olacaq.
- Qış transfer pəncərəsində “Neftçi” də aktivliyi ilə seçilirdi. Siz “ağ-qaralar”ın seçimlərini necə dəyərləndirirsiniz?
- “Neftçi”nin yeni transferlərindən tanıdığımız təkcə Elvin Camalovdur. Qalan futbolçuların nəyə qadir olduğu növbəti oyunlarda bizə daha aydın olacaq. Ümid edək ki, “Neftçi” transferlərdən bu dəfə fayda görər. Çünki komandanın yaxşı oyunçulara ehtiyacı var. Qış transfer pəncərəsində fərqlənən komandalar arasında “Neftçi”dən başqa, “Turan Tovuz”un da adını qeyd edərdim. Kimin nəyə qadir olduğunu görmək üçün müəyyən qədər vaxt lazımdır. Hər şeyi zaman göstərəcək.
Aytac Sahəd
İdman.biz