Futbolçularımız Türkiyədə necə oynayırlar? - STATİSTİKA

Təhlil
22 Fevral 2025 17:45
76
Futbolçularımız Türkiyədə necə oynayırlar? - STATİSTİKA

Türkiyə I Liqasında 2 Azərbaycan futbolçusu bu qış komandası ilə vidalaşdı. Coşqun Diniyev “Bandırmaspor”u “Çorum”a dəyişdi, Renat Dadaşov “Ankaragücü” ilə müqaviləsini ləğv etdirdi.

İdman.biz bu iki, eləcə də Türkiyə I liqasında iştirak edən digər futbolçularımızın özlərini çempionatda necə göstərə bildiklərini müəyyən etmək üçün onların statistik göstəricilərini nəzərdən keçirib.

Coşqun Diniyev “Bandırmaspor”la mövsümdə 15-i start heyətində olmaqla 20 oyunda 1250 dəqiqəyə 1 qol ötürməsi edib, özü rəqib qapısına yol tapmasa da, “Çorum”da debütünü dublla qeyd edib. Onun 2 oyunda 97 dəqiqəyə 2 qolu var. Hər iki qolu sağ ayağı ilə vurub. Futbolçunun bu mövsümdə 2 klubda 22 oyunundakı ümumi statistik göstəricilərinə baxaq. Rəqib qapısına endirdiyi 19 zərbəsindən 8-i çərçivəyə gedən, 8-i qapıdan yan keçən, 3-ü bloka alınan Coşqun 1 qol imkanını əldən verib. 17 dəfə uğurlu driblinq edən futbolçumuzun bu sahədə göstəricisi 70,83 faizə bərabərdir. Özü 8 dəfə rəqib futbolçuların driblinqinə mane ola bilməyib. 15 dəfə topu rəqibdən alıb. 547 ötürməsindən 470-i (85,92 faiz) dəqiq olub. Ötürmələri ilə 3 dəfə qol vəziyyəti yaradıb. Uzun ötürmələrinin 22-si (47,83 faiz) ünvana çatıb. 42 dəfə (53,16 faiz) mövqe mübarizəsində, 9 dəfə (42,86 faiz) hava mübarizəsində qalib olub. 153 dəfə topu itirib. 15 dəfə qayda pozan Diniyevin özünə qarşı 10 dəfə fol edilib. 2 sarı, 1 qırmızı vərəqə ilə cəzalandırılıb.

Renat Dadaşov “Ankaragücü”də 5-i start heyətində olmaqla 15 oyuna çıxaraq 647 dəqiqə oynayıb və 2 qol, 1 qol ötürməsi ilə fərqlənib. Qollarından birini başla, digərini sol ayaqla vurub. Futbolçumuzun 14 zərbəsindən 4-ü çərçivəyə, 7-si yan gedib, 3-ü bloka alınıb. O, 2 qol şansını əlindən qaşırıb. 5 driblinqi başa vuran Renatın uğur göstəricisi cəmi 41,67 faizdir. Onun özünü isə 3 dəfə driblinqdə keçiblər. 8 dəfə rəqibin ofsayd “tələ”sinə düşüb. Topalmada 4 dəfə fərqlənib. 142 ötürməsindən cəmi 94-ü sərrast olub ki, bu da 66,2 faiz deməkdir. 2 ötürməsi ilə qol vəziyyəti yaradıb. 8 uzun ötürməsindən 3-ü dəqiq olub. Mövqe mübarizəsində 20 dəfə (41,67 faiz), hava mübarizəsində 29 dəfə (47,54) rəqiblərini üstələyib. 92 dəfə topu itirib. 12 dəfə fol edib, bir o qədər də özü kobudluqla qarşılaşıb. 2 sarı vərəqəsi var.

Həsən Nəzərli “Ankaragücü”də 2 oyundakı 27 dəqiqəsində fərqlənmək imkanı tapmayıb. Həsənin qapıya yeganə zərbəsi bloka alınıb. 2 driblinqindən 1-i uğurlu alınıb. 1 dəfə topu rəqibdən alıb. 4 ötürməsindən cəmi 1-i dəqiq olub. 4 dəfə mövqe mübarizəsi aparan futbolçu, 3-də istəyinə çatıb. Özü kobudluq etməyən Nəzərliyə qarşı 1 dəfə qayda pozulub.

Vüsal İsgəndərli “Boluspor”da 2-si start heyətində olmaqla 10 oyunda 181 dəqiqə meydanda olub. Yeganə zərbəsi qapı çərçivəsinə getsə də, nəticə əldə edə bilməyib. 8 driblinqindən 2-ni tamamlaya bilib. Rəqiblərin 3 driblinqinin qarşısını ala bilməyib. 1 dəfə ofsayda düşüb. Topu rəqiblərdən 2 dəfə ala bilib. 46 ötürməsindən 37-sini (80,43 faiz) ünvana çatdırıb. Mövqe mübarizəsində 8 dəfə (36,36), hava mübarizəsində 1 dəfə (14,29 faiz) qalib olub. 4 dəfə o fol edib, 4 dəfə də ona qarşı qayda pozulub. 1 sarı vərəqə alıb.

Vüqar Məmmədov
İdman.biz