“Çox önəmli oyuna çıxmışdıq. Çətin mübarizə olacağını gözləyirdik”.
İdman.biz xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
O, Millətlər Liqasının I turu çərçivəsində Bakıda Monteneqro yığması ilə keçirilən oyunla (0:0) bağlı fikirlərini bildirib: “Çünki rəqib çox keyfiyyətli komanda idi. İşimizi çətinləşdirən məqamlardan biri də heyətimizdə itkilərin olması idi. Həm zədəli, həm də cəzalı oyunçumuz var idi. Həmçinin qeyri-sabit hava şəraiti də hər iki komandaya çətinlik yaratdı. Oyun öncədən nəzərdə tutulan vaxtdan iki saat gec başladı. Bərabər səviyyədə mübarizə izlədik. Hər iki komandanın fərqlənmək üçün şansları oldu. Düşünürəm ki, bu matçda heç-heçə ədalətli nəticə oldu”.
Baş məşqçi milliyə yeni çağırılan oyunçulardan razı qaldığını deyib: “Qızlar xarakter göstərdilər, sona qədər mübarizə apardılar. Meydana çıxan futbolçular müxtəlif səbəblərdən komandada olmayanları layiqincə əvəzlədilər. Məsələn, qapıçımız Nərgiz Əliyeva ilk dəfə rəsmi matçda start heyətində çıxış edirdi. Onun performansını çox bəyəndim. Ümumi götürdükdə komandamız çox yaxşı mübarizə apardı”.
Əsgərov məqsədlərinin qrupu birinci pillədə bitirmək olduğunu vurğulayıb: “Artıq qarşıdakı oyun barədə düşünəcəyik. Qrupda daha 3 matçımız olacaq. İstəyimiz həmin görüşlərdə hədəflədiyimiz xalları qazanaraq, B Liqasına yüksəlməkdir”.
Qeyd edək ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz növbəti oyununu aprelin 4-də səfərdə Litva yığmasına keçirəcək.
İdman.biz