Azərbaycan milli komandasının sabiq hücumçusu, “Bakı”, “Olimpik”(Bakı), “Karvan” klublarında oynamış Leandro Qomeşin Sportal.az saytına müsahibəsi
- Hazırda Braziliyada nə işlə məşğul olursunuz? Deyəsən, uşaq futbolunda çalışırsınız?
- Hazırda futzalda 5-13 yaş arası uşaqlarla işləyirəm. Həmçinin bələdiyyə tərəfindən 11-17 yaş kateqoriyalarında ayrılmış böyük futbol komandalarında çalışıram. Ən əsası isə bir müddət peşəkar futbol oynadığım Rio-de-Janeyro əyalətinin “Sampayo Korreya” klubundayam. Əsas iş yerim buradı, işləyirik.
- Məşqlərində birində kollektiv şəkildə Azərbaycan bayrağı ilə fotonu paylaşmışdınız. Yəqin ki, Azərbaycan haqda braziliyalılara məlumat verirsiniz
- Şəhərimdəki futbol layihə zamanı çəkilmiş fotodur. Məni dəvət etmişdilər ki, gənclər üçün mühazirə oxuyum, təcrübəmi onlarla bölüşüm. Mən hekayəmdən onlara bir az danışmalı, peşəkar karyeram barədə söhbət etməli idim. Onlara həyatımı çox əlamətdar edən Azərbaycan haqqında danışmaya bilməzdim. Onlara bayrağı göstərərək, ölkə barədə məlumat verdim. Mən Azərbaycanı çox sevirəm, çünki məni orada çox yaxşı qarşılamışdılar, bu ölkədə çoxlu dostluqlar qurmuşdum və indiyə qədər hələ bəziləri ilə əlaqəm qalıb.
- Nəyə görə braziliyalılar Azərbaycanda uzun illər oynasalar da, sonda Braziliyaya qayıdırlar, Azərbaycanda yaşamırlar?
- “Karvan”da oynadığım vaxt şəxsi səbəblərə görə Braziliyaya qayıtmalı oldum. Fikirləşdim ki, karyeramı başa vursam, Azərbaycanda 4 ildən çox oynadığım üçün orada daha çox qala bilərdim. Amma şəxsi səbəblərə görə geri qayıtmalı idim.
- Son illərdə Azərbaycan millisi üçün milliləşdirilmiş xarici oyunçular azdır. Ümumiyyətlə, xarici oyunçunu milliləşdirmək məsələsinə necə baxırsınız?
- Milli komanda üçün əlavə seçimlərin olması hər zaman yaxşıdır. Bu mənada, milliləşdirilmiş oyunçuların da yığma üçün seçimlərdən biri olması pozitivdir.
- “Bakı”da oynadığınız vaxt Azərbaycan millisi üçün milliləşdirilmişdiniz. Həmin anları, illəri necə xatırlayırsınız?
- Əlbəttə ki, Azərbaycan millisi üçün milliləşdirildiyim anları indiki kimi xatırlayıram. Mənə milli komandada oynamaq istəyib-istəmədiyimi söylədilər. Həmin fürsətə görə bu günə qədər Allaha şükür edirəm. “Bakı”ya çox minnətdaram. Uyğunlaşmamız üçün lazım olan hər şeydə bizə kömək etdilər. O vaxt klubda çalışan hər kəsə çox minnətdaram.
- Necə düşünürsünüz, Azərbaycan millisində ən yaxşı oyununuz hansı idi? Daha uzun müddət oynasaydınız, daha yaxşı performans göstərə bilərdiniz?
- Portuqaliyaya uduzmağımıza baxmayaraq, bu, mənim Azərbaycan millisində ən yaxşı oyunum idi. Səfərdə oynasaq da, portuqallara qol vurmaq üçün imkanlarımız da olmuşdu. Portuqaliya millisində ulduzlar olsa da, biz rəqabətli futbol oynadıq, həmin oyunda daha yaxşı nəticə əldə edə bilərdik.
- Maraqlıdır, Azərbaycanda "Bakı", " Olimpik" və "Karvan" klublarında oynamısınız. Ancaq yəqin ki, ən parlaq dönəm "Bakı" klubunda olub. Daha iddialı "Qarabağ", " Neftçi", "Xəzər Lənkəran", "İnter" kimi klublardan nə vaxtsa təklif almışdınız?
- “Bakı” mənim həyatımda çox xüsusi yer tutur. Çünki Azərbaycanda mənə qapıları açan klub “Bakı” idi. Fəth etdiyimiz titulların əhəmiyyətindən danışmalıyam. Xüsusən orada birinci titulum, işimizə ardıcıllıq vermək üçün həmin il çempion olmaq çox vacib idi. Həqiqətən də “Bakı”da keçirdiyim anlar çox möhtəşəm alındı. Bu klubda insana xüsusi diqqət edirdilər. “Olimpik”də də işlər yaxşı alınmışdı. “Karvan”da da inanılmaz təcrübə oldu. Çünki bir az daha kiçik olan şəhəri təmsil etmək, insanlara bir az daha yaxın olmaq, mədəniyyətə bir az daha yaxından əla idi. Yadımdadır, “Bakı” ilə ilk çempionluğumuzdan sonra bir agent məndən “Neftçi”də oynamaq istəyib-istəmədiyimi soruşmuşdu. Amma söhbət orada da xətm olundu. Çünki "Bakı"da xoşbəxt olduğumu, klubda ilk ilim olduğu üçün müqaviləmi yeniləmək istəyirdim. Orada 3 mövsümdən çox oynamışdım.
- Azərbaycanda olduğunuz müddətdə ən unudulmaz oyununuz hansıdır?
- İlk dəfə titul qazandığımız “İnter”lə görüşü xatırlayıram. Bir qolu mən, digərini Andre Ladaqa vurmuşdu. Möhtəşəm oyun idi. “İnter” də çox yaxşı kollektivə sahib idi. Bu, titulların ardıcıl gəlməsi üçün də vacib olmuşdu.
- “Bakı”nın vaxtı ilə çox yaxşı maddi dayaqları var idi. Klub ölkə daxilində titullar qazansa da, avrokuboklarda nəticə qazana bilmirdi. Sizcə, bunun üçün nə çatışmırdı?
- “Bakı” daha çox gələcəyə sərmayə qoyurdu, stadionlar, baza inşa etdilər. Sadəcə yaxşı oyunçular transfer etməklə iş bitmir. Buna örnək olaraq, “Qarabağ”ı göstərmək olar. Amma "Bakı" da gələcək üçün işlər görürdü.
- Yəqin ki, hazırda “Bakı”nın fəaliyyət göstərmədiyini bilirsiniz?
- Bəli, təəssüf ki, belədir. Bu xəbəri eşitmək məni çox kədərləndirdi. Çünki digərləri ilə rəqabət aparmaq, yaxşı nəticələr əldə etmək üçün daha yaxşı strukturlara sahib olmaq lazımdır.
- “Qarabağ" uzun illərdir ki, Azərbaycanda hegemonluq edir, avrokuboklarda mütəmadi oynayır. Onların uğurlu çıxışının sirrini nədə görürsünüz?
- “Qarabağ”da meydanda və meydandan kənarda çox yaxşı hazırlanmış müəyyən insanlar var. “Qarabağ” məşq bazasına da malikdir. Bütün bunlar nəticələrin daha yaxşı olmasına kömək edir.
- Onlar bu qış "Flamenqo"ya futbolçu da satdılar. Braziliyalı futbolçunun Braziliyanın ən böyük klublarından birinə transferinin Azərbaycan klubundan baş tutması, sizin üçün qəribə olmadı?
- Bu xəbər məni çox sevindirdi. “Qarabağ” Avropanın güclü klublarına qarşı çox yaxşı oyunlar göstərir. Mən bunu təbii hal kimi görürəm. İnanıram ki, daha çox futbolçu “Flamenqo” kimi klublara gedəcək.
“Qarabağ” tanınmış klublara qarşı yaxşı nəticə əldə etdikdə, hər kəs Braziliyada onlar haqda danışır. “Qarabağ”ın rəqiblər tərəfindən çox hörmətli bir komanda olması çox da yeni deyil. Braziliyada Azərbaycan, “Qarabağ” haqda danışırıq. Juninyo çox yaxşı hücumçudur. O, “Flamenqo”nun oyun stilinə tam uyğundur. Sürət, yaxşı mövqe tutma, bütün bunlar Juninyoda cəmlənib.
İdman.biz