“Neftçi”nin legioneri: “Yaxşı seriya yaxalamışıq”

Xəbərlər
2 Mart 2025 16:47
62
“Neftçi”nin legioneri: “Yaxşı seriya yaxalamışıq”

“Ağır oyun oldu. Çətin məsələ mərhələni adlamaq idi ki, biz bunu bacardıq".

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Mustafa Sek evdə “Kəpəz”i 1:0 (ilk oyun - 2:0) hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra Sportnet.az-a açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçisi 61-ci dəqiqədə komanda yoldaşı Bassala Sambunun qırmızı vərəqə aldığı epizodu belə şərh edib: "Sambu komandaya yaxşı uyğunlaşıb. İkinci dəfə start heyətdə meydana çıxırdı. Növbəti oyunlarda bizə kömək edə bilməməsi çox pis oldu. Həmin epizodda sarı vərəqə bəs edirdi. Mənim üçün bu, "sarı" olsa da, baş hakim Rəşad Əhmədov üçün “qırmızı” idi. Ona görə də hakimlik barədə fikir bildirmək istəmirəm, çünki mənasızdır”.

Seneqallı legioner komandasını yarımfinalda “Sabah”a qarşı vacib oyunların gözlədiyini söyləyib: "Qələbə qazanaraq, finala yüksəlmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Görək, necə olur".

Sek son oyunların əksəriyyətində qazandıqları qələbələri Premyer Liqanın növbəti turunda “Kəpəz”ə qarşı səfər matçında da davam etdirmək istədiklərini vurğulayıb: “Yaxşı seriya yaxalamışıq. Bizi dinamik oyun gözləyir. “Kəpəz”in necə sürətli oynadığını kubokda gördük. Tovuz səfərində, həm də süni meydanda oynamaq çətindir. Görək, nəyə nail olacağıq”.

Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” - "Neftçi” görüşü saat 17:00-da start götürəcək. Hazırda “ağ-qaralar” 27 xalla 6-cı, “sarı-göylər” isə 19 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.biz