Emin Mahmudov: “Kapitanlığı düşünmürəm " - MÜSAHİBƏ

Xəbərlər
2 Mart 2025 20:57
60
Emin Mahmudov: “Kapitanlığı düşünmürəm " - MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu Emin Mahmudov evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra Sportnet.az-a müsahibə verib.

İdman.biz xəbər verir ki, sabiq kapitan Azərbaycan milli komandası ilə bağlı sualı da cavablandırıb:

- Oyun barədə fikirləriniz necədir?

- ⁠Hava şəraiti həm biz, həm də rəqib üçün çətinlik yaratdı. Ona görə ağır oyun alındı. Topla yaxşı rəftar edə bilmirdik. Həm də bəzən qar üzümüzə vurur, rəqib oyunçuları görməkdə çətinlik yaradırdı. Yenə də bizim üçün vacib qələbə oldu. İndiki məqamda nəticə daha önəmlidir.

- ⁠Yarımfinalda “Sabah” komandası ilə qarşılaşacaqsınız. Finala yüksəlmək sizə çətin görünmür?

- ⁠Maraqlı yarımfinal olacaq. "Sabah"a qarşı oyunlarımız maraqlı keçir. Biz yalnız qələbə qazanıb mərhələni keçmək və finala yüksəlmək istəyirik. Meydana yalnız qalibiyyət üçün çıxacağıq.

- ⁠Finala yüksələcəyiniz təqdirdə, “Azaz-Naxçıvan” - “Qarabağ” cütündən hansına qarşı oynamaq istərdiniz?

- ⁠Əsas biz özümüz mərhələni keçək, sonra onu düşünərik (gülür - red.).

- Azarkeş qrupu "⁠Forza Neftçi" sizdən çempionatda da yaxşı nəticələr istəyir…

- ⁠Əvvəlcə onlara öz təşəkkürümü bildirmək istəyirəm. Soyuq, qar və yağış demədən bizi stadiondan dəstəkləyirlər. Hər zaman yanımızda olsunlar. Biz də meydanda çalışıb, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələrlə onları sevindirək.

- ⁠Azərbaycan Premyer Liqasının XXV turunda “Kəpəz”ə qarşı səfərdə oynayacaqsınız. Gəncəlilər evdə sizdən intiqam ala bilərlər?

- ⁠Tovuz səfəri uzaq və çətin olur. Süni örtüklü meydanda da oynamaq çətinlik yaradır. Digər tərəfdən, sonuncu pillələrdə yer almasına baxmayaraq, “Kəpəz” evdə yaxşı oynayır. Yaxşı komandadırlar, onlara qarşı oyunumuz çətin olur.

- ⁠Azarkeşlər Emin Mahmudovu yenidən əsas kapitan kimi görmək istəyirlər. Siz bu barədə nə düşünürsünüz?

- ⁠Mən onu düşünmürəm, heç düşünməyə vaxtım da yoxdur. Bizdə kapitan var, o da Rza Cəfərovdur. Ona görə də qərara hörmətlə yanaşıram. Kapitanlıq indiki məqamda mənim üçün vacib deyil.

- ⁠Bir müddət öncə zədədən qayıtdınız. Əvvəlki formanızı tam bərpa etmisinizmi?

- Mənim üçün bu, çox çətin oldu. Eyni zədəni iki dəfə aldım və iki ay məşqlərdən kənar qaldım. Çətin dönəmlərdən keçdim. İndi fiziki məşqlər də edərək, yavaş-yavaş öz formama qayıdıram.

- ⁠Martın 25-də Azərbaycan milli komandası Bakıda Belarusla yoldaşlıq oyunu keçirəcək. Bir müddət meydanlardan uzaq düşdüyünüzü nəzərə alsaq, bu matça dəvət gözləyirsiniz?

- ⁠Hələ ona qədər oynayaq. Çağırsalar, çalışacağam ki, yaxşı oyun nümayiş etdirim.

İdman.biz