“Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ölkəmizdə bu idman növünün inkişafına töhfə verəcək”.
İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanın Bakıya səfəri ilə bağlı danışarkən deyib.
Vaxtilə İspaniyada oynamış veteran hücumçunun sözlərinə görə, akademiyanın təsisi uşaq futboluna hərtərəfli müsbət təsir göstərəcək: “Xuan Laporta artıq ikinci dəfədir Bakıya gəlir. Bu, Azərbaycan futbolu üçün çox gözəl haldır. Onun Prezident İlham ƏIiyevlə görüşü zamanı Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirildi. Açığı, akademiyanın layihəsi barədə ətraflı məlumatım yoxdur. Amma böyük ehtimalla, ölkəmizə İspaniyadan mütəxəssislər dəvət olunacaq və məktəbi özləri idarə edəcəklər. Bəlkə də istedadlı və perspektivli uşaqlar aşkarlanaraq, bir neçə müddətlik Barselonaya ezam olunacaq, orada təcrübə keçəcəklər. Bu, onların özlərini inkişaf etdirməsi üçün əla fürsətdir. Burada fərqlənən uşaqlar sonradan milli komandaya da cəlb olunacaqlar”.
57 yaşlı mütəxəssis Azərbaycan və İspaniya futbolu arasında oxşarlıqların olduğunu söyləyib: “Azərbaycanda həmişə texniki futbola üstünlük verilib. Demək olar ki, ispan futboluna bənzəyir. Məsələn, biz heç vaxt ingilis futbolu nümayiş etdirməmişik. Bu baxımdan ölkəmizdə İspaniyanın ən nüfuzlu klubunun akademiyasının təsis edilməsi idmanımıza çox xeyir verəcək”.
V.Qasımov akademiyada yetişəcək potensiallı futbolçuların gələcək illərdə “Barselona”ya transfer olunma ehtimalına da toxunub: “Düzünü desək, biz bu gün futbol ölkəsi hesab olunmuruq. Düşünürəm ki, hazırda Azərbaycanda Avropa səviyyəsində futbolçu yoxdur. Bəzi Avropa ölkələri var ki, futbolla yatıb, futbolla oyanırlar. Aydın məsələdir ki, bu gün Azərbaycanda futbola maraq həmin ölkələrdəki kimi deyil. Müəyyən problem var ki, ilk növbədə onları həll etmək lazımdır. Amma bu akademiyada yetişəcək bacarıqlı uşaqların La Liqanın digər komandalarında, İngiltərə, İtaliya çempionatlarında oynamaq kimi şansları yarana bilər. Həmin futbolçular yığmada da gözəl oyun göstərə bilərlər”.
İdman.biz