Avropa ölkələrinin milli çempionatlarında qızğın mübarizə gedir. Ancaq bəzi ölkələrdə ilk pillə uğrunda mübarizə elə də gərgin deyil. Həmin çempionatlarda ilk sırada olan komandalar rəqabətsiz liderliklərini sürdürürlər. Belələrinin sırasında “Qarabağ” da var.
İdman.biz Avropa ölkələrinin milli çempionatlarında liderliklərini kifayət qədər möhkəmləndirmiş komandaları nəzərdən keçirib.
Ən böyük üstünlüyə malik komanda Serbiya çempionatının lideri “Srvena Zvezda”dır. Belqrad təmsilçisi keçirdiyi 26 oyunun cəmisi ikisində heç-heçə edərək, məğlubiyyətsiz 74 xalla inamla ön sırada addımlayır. Onun ən yaxın təqibçisi – paytaxtın digər nümayəndəsi “Partizan” 21 xal geri qalır.
Şimali İrlandiyada 30 oyuna 67 xallı “Linfilid” 2-ci yerdə olan rəqibini 19 xal üstələyir. Ancaq potensial xallara görə bu üstünlük 13 xala bərabərdir. “Qlentoran” liderdən 2 oyun az keçirib.
Şotlandiya çempionatında 29 turdan sonra 75 xallı “Seltik” “Qlazqo Reyncers”i 16 xal qabaqlayır.
4 çempionatda liderlərin 13 xal üstünlüyü var. Fransada Liqa 1-də 24 turdan sonra 62 xallı PSJ “Marsel”dən, eyni sayda oyundan sonra Çexiyada 65 xallı “Slaviya” “Viktoriya Plzen”dən və “Sparta”dan, Kosovoda 22 oyuna 50 xallı “Drita” “Malışeva”dan, eləcə də İngiltərə Premyer Liqasında 28 oyuna 67 xal toplamış “Liverpul” “Arsenal”dan 13 xal öndədir. Ancaq “topçular” 1 oyun az keçirdiklərindən Premyer Liqada potensial fərq 10 xala bərabərdir.
Azərbaycan, Uels və Monteneqroda liderlərin 12 xal üstünlükləri var. 24 turdan sonra “Qarabağ” Misli Premyer Liqasında 57 xalla “Zirə” və “Araz-Naxçıvan”ı, Uelsdə 26 oyuna 63 xalla TNS “Penibont”u, Monteneqroda isə 22 tura 54 xalla “Buduçnost” “Petrovas”ı qabaqlayır.
Vüqar Məmmədov
İdman.biz