"Sabah"ın futbolçusu Rəhman Daşdəmirovun AZƏRTAC-a müsahibəsi
- Komandanız Misli Premyer Liqasının XXV turunda "Araz-Naxçıvan"la heç-heçə etdi. Sizcə, həmin görüşdə qələbə qazanmağınıza nə mane oldu?
- Çətin oyun oldu. İki dəfə hesabda önə keçsək də, üstünlüyü qoruyub saxlaya bilmədik. Məncə, oyunda üstün tərəf biz idik. Lakin qol fürsətlərimizdən yararlana, xüsusilə ikinci hissənin sonlarında olan üstünlüyümüzü hesabda əks etdirə bilmədik.
- Hazırda “Sabah” 34 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komandanın bundan sonra çempionatda hədəfləri nə olacaq?
- Hədəfimiz dəyişməyib. Hər oyuna qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonuna kimi vəziyyəti xeyrimizə dəyişək.
- “Sabah” üçün avrokuboklara vəsiqə qazanmaq baxımından ən real şans ölkə kuboku hesab olunur. Yarımfinalda rəqibiniz "Neftçi" olacaq. Premyer Liqada qeyri-sabit çıxış edən "ağ-qaralar" da əsas diqqətini kuboka yönəldib. Şansları necə qiymətləndirirsiniz?
- Bizim üçün hər iki yarış çox mühümdür. Çempionatda da irəliləmək üçün şanslarımız var. Ona görə də kubok kimi, Premyer Liqaya da tam köklənmişik. Hər iki cəbhədə sonadək mübarizə aparacağıq.
- Ümumiyyətlə, "Sabah"ın bu mövsüm ölkə çempionatda istənilən səviyyədə çıxış etməməsinin səbəbini nədə görürsünüz?
- Kubokdan fərqli olaraq, çempionatda işlər istədiyimiz kimi getmir. Bu futboldur, bəzən qalib gəlmək üçün əlindən gələni etsən də, nəticə arzulanan kimi olmur. Hər matçdan sonra məşqçilər korpusu bizə səhvlərimiz barədə məlumat verir. Biz isə bunları aradan qaldırmaq üçün daim öz üzərimizdə çalışırıq.
- Öz çıxışınız haqqında nə deyə bilərsiniz?
- Öz çıxışım barədə danışmağım düzgün olmaz. Mən məşqlərdə də, matçlarda da komandama xeyir vermək üçün maksimum güc sərf edirəm. Amma oyunumla bağlı qiyməti məşqçilər heyəti daha doğru verə bilər.
- "Sabah”la müqaviləniz mövsümün sonunda başa çatacaq. Sizə yeni müqavilə təklif olunub?
- Hazırda yalnız qarşıdakı görüşlər barədə düşünürəm. Bütün diqqətimi komandamın oyunlarına yönəltmişəm. Nəyin necə olacağını gələcək göstərəcək. Hazırda "Sabah"dayam və burada olmaqdan şadam.
- Ölkə xaricindən yaxşı təklif gəlsə, dəyərləndirərsiniz?
- Dediyim kimi, hazırda yalnız komandamın oyunları barədə düşünürəm. Hadisələri qabaqlamaq istəmirəm.
- Qarşıda Azərbaycan millisini yoldaşlıq oyunları gözləyir. Milli komandanın baş məşqçisi Fernandu Santuşdan dəvət gözləyirsiniz?
- Milli komandada çıxış etmək hər bir futbolçu üçün fəxrdir. Əlbəttə, milli komandaya dəvət alsam, bu mənim üçün böyük fəxr hissi olar. Yığmaya çağrılsam, meydanda əlimdən gələni etməyə hazıram.
İdman.biz