"Şamaxı"nın yarımmüdafiəçisi Brahim Konatenin Sportal.az-a müsahibəsi
- "Şamaxı" “Səbail”lə görüşdə inamlı qələbə qazanmağı bacardı. Səfərdə mütləq üç xal qazanmaq istəyirdiniz, yoxsa bir xal da sizi qane edəcəkdi?
- Tez-tez dediyim kimi, biz hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Yanaşmamız bu cürdür. “Səbail”lə görüş də vacib idi. Qalib gəldiyimiz üçün xoşbəxtik. Artıq növbəti görüşə hazırlaşırıq, həmin oyunu düşünürük.
- “Şamaxı”nın ikinci hissədə daha yaxşı oynadığını deyə bilərik. Fasilədə baş məşqçinin tapşırığı nə oldu?
- Biz oyunboyu konsentrasiyalı idik. Diqqətli oynamağa çalışırdıq. Hesabın açılmasından sonra komandanın daha sərbəst olduğunu düşünürəm.
- İndi “Neftçi”dən cəmi 3 xal geridəsiniz. Sizcə, Premyer Liqada qalmaq üçün mübarizə apararkən birdən-birə daha üst pilləyə yüksələ bilərsiz, yoxsa yalnız Premyer Liqada qalmaq haqqında fikirləşirsiz?
- Biz mümkün qədər tez bir zamanda Premyer Liqada qalmaq olan əsas məqsədimizə çatmaq istəyirik. Əsas məqsəd yüksək liqadakı yerimizi qorumaqdır. Qalanları isə yalnız bonus olacaq. İnanıram ki, hər şey yaxşı alınacaq.
- “Şamaxı” növbəti oyununu “Sabah”a qarşı keçirəcək. Bu mövsüm onları evdə məğlub etmişdiniz. Bu dəfə həmin nəticəni təkrarlaya biləcəksiz?
- “Səbail”lə matçdan sonra artıq bu görüşü düşünürük. Hazırlıqlarımız da davam edir. Oyuna ən yaxşı şəkildə yanaşırıq. “Sabah”la görüşdə xal qazanmağa çalışacağıq.
- Komanda ardıcıl olaraq, “Sabah”, “Araz-Naxçıvan”, “Zirə”, “Neftçi”yə qarşı matçlar gözləyir. Komanda bu çətin qrafikə hazırdır?
- Komanda bu vacib matçlarda maksimum xal toplamaq üçün əlindən gələni edəcək. Mən komandamıza inanıram. Oyundan-oyuna növbəti matçı düşünəcəyik. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- Növbəti mövsüm səni yeni komandada görəcəyik? İddialara əsasən, Kipr klubları səni istəyir...
- Hələ ki növbəti mövsüm haqqında düşünmürəm. Hazırda bütün diqqətimi yalnız mövsümün qalan hissəsinə yönəltmişəm. "Şamaxı”" məqsədinə çatdıqdan sonra gələcəyim haqqında düşünə bilərdim. Bəli, bu qış Kipr klubundan təkliflər gəlmişdi. Amma mən yalnız indiki komandama fokuslanmışam.
- Belajdi Pusi “Şamaxı”dan ayrılaraq Rusiya Premyer Liqasında yarışan “Fakel”ə keçdi. Onun yoxluğu hücumda hiss olunurmu? Sən də onun kimi Rusiyaya yollanmaq istəməzdin?
- Pusi üçün yaxşı fürsət idi. Ümid edirəm ki, həm özü, həm də komandası üçün hər şey yaxşı alınacaq. Uğurlar arzu edirəm.
İdman.biz