“Çempion olmaq çətindir, amma titulu qorumaq ondan da çətindir. Çox şükür ki, əziyyətimiz yerdə qalmadı, istəyimizə nail olduq. Mövsümün əvvəlindən öz aramızda danışırdıq ki, bu il daha çətin olacaq. Çünki çempion olduğumuz üçün ildən-ilə bizdən gözləntilər də artır”.
İdman.biz xəbər verir ki, bunu Futbolxeber.az-a minifutbol üzrə Azərbaycan çempionu “Birbaşa Bakı”nın üzvü Təmkin Xəlilzadə deyib.
O, finalda 2:0 hesabı ilə məğlub etdikləri “Zirə”nin güclü rəqib olduğunu bildirib: “Finala ciddi hazırlaşmışdıq. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirdik. Təbii ki, sevincliyik, xoşbəxtik. Rəqibimiz də güclü idi. Üstəlik, heyətlərində 3 legioner də çıxış edirdi. Onlar da bizim çempionluğumuza mane ola bilmədilər”.
Təcrübəli futbolçu budəfəki finala əvvəlkilərlə müqayisədə daha yüksək motivasiya ilə çıxdıqlarını vurğulayıb: “Çox istəkli idik. Motivasiya olmadan nəsə əldə etmək mümkün deyil. Budəfəki finala əvvəlkilərlə müqayisədə daha çox motivasiya olmuşduq. Çünki Çempionlar Liqasının qalibiyik. Bilirdik ki, buna görə bizdən gözləntilər yüksəkdir və qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmək lazım idi”.
T.Xəlilzadənin sözlərinə görə, “Zirə”nin finala 3 qazax legionerlə çıxması onlar üçün stimul olub: “Bilirdik ki, bizə qarşı hazırlanmış plan var. “Zirə”nin heyətində Qazaxıstan millisinin üzvləri də çıxış edəcək. Ona görə sübut etmək istəyirdik ki, rəqibin kimliyi bizim üçün fərq etmir, qazaxıstanlı olsun, yaxud rumın olsuq. Allaha şükür olsun ki, titulumuzu qoruduq”.
İdman.biz