Rəşad Sadıqov: "Avrokuboklara vəsiqə uğrunda mübarizə son tura kimi davam edəcək"

Xəbərlər
12 Mart 2025 14:45
42
Rəşad Sadıqov: "Avrokuboklara vəsiqə uğrunda mübarizə son tura kimi davam edəcək"

"Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır".

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov deyib.

O bildirib ki, komandanın qarşısına konkret olaraq hansısa pilləni tutmaq vəzifəsi qoyulmayıb: "Yəni, ikinci, üçüncü və ya dördüncü ola bilərik. Klub rəhbərliyinin əsas hədəfi "Zirə"nin Avropa arenasında çıxış etməsidir. Amma bu məqsədə çatmaq üçün çox güc sərf etmək lazımdır. Çünki rəqabətli çempionatımız var. İddialı klublar avrokuboklara vəsiqə üçün gərgin mübarizə aparırlar. Bu, son tura kimi davam edəcək".

42 yaşlı mütəxəssis "Komandada növbəti mövsüm böyük dəyişiklik olacaqmı?" sualına isə belə cavab verib: "Bunu zaman göstərəcək. Hələlik bu barədə düşünmürəm".

Azərbaycan millisinin sabiq kapitanı yığmanın Haiti və Belarusla qarşıdakı yoldaşlıq oyunları, eləcə də DÇ-2026-nın seçmə mərhələsindəki şansları barədə də danışıb: "Düşünürəm ki, bu cür yoldaşlıq görüşləri futbolçuların bir-birini daha yaxşı tanımasına və təcrübə qazanmasına kömək olacaq. Dünya çempionatının seçmə mərhələsində keçirəcəyimiz görüşlərdə də yığmaya inanıram. İnşallah, xalqımızı sevindirəcək nəticələr əldə edəcəyik".

Qeyd edək ki, Rəşad Sadıqovun başçılıq etdiyi “Zirə” Misli Premyer Liqasında 26 turdan sonra 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

İdman.biz