Səbuhi Abdullazadə: "Uğursuzluğu üzərimizdən ata bildik" - MÜSAHİBƏ

Müsahibə
12 Mart 2025 16:08
34
Səbuhi Abdullazadə: "Uğursuzluğu üzərimizdən ata bildik" - MÜSAHİBƏ

"Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadənin "Report"a müsahibəsi

- Premyer Liqanın XXVI turunda "Kəpəz"i üç cavabsız qolla məğlub etdiniz. Oyun barədə nə deyə bilərsiniz?

- "Kəpəz"lə görüş bizim üçün xüsusi önəm daşıyırdı. Çünki 9 oyun idi ki, qələbə qazana bilmirdik. Bu azmış kimi, uzun müddət qol da vura bilmirdik. Şükürlər olsun ki, həm qollar vurduq, həm də lazım olan 3 xalı hesabımıza yazdırdıq.

- Komandanın uzun müddət qol vura bilməməsi və qələbəsizlik seriyası sizdə əlavə təzyiq yaradırdı?

- Uğursuzluq zolağına düşən komandalara istər-istəməz təzyiq olur. Bu, tək bizim başımıza gələn hadisə deyil. Vəziyyətdən çıxmağa çalışarkən işlər daha da çətinləşir. Çox fikirləşirsən və nəticədə psixologiya pozulur. Amma şükürlər olsun, uğursuzluğu üzərimizdən ata bildik.

- Uzun müddət fərqlənə bilməməyinizin əsas səbəbi nə idi?

- Rəqib qapısına yaxınlaşarkən doğru qərar qəbul edə bilmirdik. Bəzi epizodlarda tələsirdik, bəzən də gec qərar verirdik. Bu işdə ən doğru olanı etməlisən. Məncə, futbolda belə hallar olur.

- "Sumqayıt" mövsümün qalan hissəsində çempionatda qalmaq üçün mübarizə aparacaq. Komandada ab-hava necədir?

- Komandada ab-hava yaxşıdır. Uğursuzluq zolağına düşməyimizə baxmayaraq, hər zaman əhval-ruhiyyə qaydasında olub. Hər kollektivdə mehribanlıq olmalıdır. Bu, əsas amillərdən biridir. Komanda olaraq hər zaman bir olmuşuq və bu bərabərliyimiz davam edəcək.


- Mövsümün əvvəlində avrokuboklarda çıxış etmişdiniz. Həmin vaxt bu vəziyyətə düşəcəyiniz ağlınıza gəlirdi?

- Əlbəttə ki, xeyr. Heç kim mövsümün əvvəlində neqativ fikirlərə qapılmır. Həmçinin biz də uğurlu çıxış barədə düşünürdük. Lakin az əvvəl də dediyim kimi, futbolda bu cür hallar olur. Əsas odur ki, çətin vəziyyətlərdə bərabər olaq və düşdüyümüz durumdan qurtulaq. "Kəpəz"lə oyunda qələbə qazandıq. İnanıram ki, qələbələrin davamı gələcək.

- Qış fasiləsində heyətdə bəzi dəyişikliklər də oldu. Bu, komandaya necə təsir göstərdi?

- Təbii ki, hər yeni gələn oyunçunun uyğunlaşması müəyyən zaman alır. Komanda olaraq çalışırıq ki, onlara yardımçı olaq, özlərini rahat hiss etsinlər. Ümumiyyətlə isə, düşünmürəm ki, yeni gələnlərin komandanın çıxışında pis mənada hansısa təsiri olsun. Biz bir komandayıq və udanda da, uduzanda da hamımız eyni dərəcədə məsuliyyət daşıyırıq.

- Növbəti turda avrokuboklar uğrunda mübarizə aparan "Turan Tovuz"un qonağı olacaqsınız. Bu görüşlə bağlı fikriniz necədir?

- Tovuz səfərləri hər zaman çətin olur. Lakin fikrimiz birdir: qələbə üçün meydana çıxacağıq. Ümid edirəm ki, istədiyimizi əldə edə biləcəyik.

İdman.biz