Braziliya vaxtilə Portuqaliyanın koloniyası olub. Ölkədə rəsmi və praktiki olaraq yeganə danışıq dili də portuqal dilidir. Ümumiyyətlə, Braziliya bütün Amerikada yeganə portuqaldilli ölkədir. Bütün bunları nəzərə almaqla, Portuqaliya çempionatında da braziliyalı futbolçuların çox oynaması təbiidir. Portuqaliya Premyer Liqasında cari mövsümdə meydana çıxan 541 futbolçunun 102-si, yəni 18,5 faizi braziliyalıdır. Orta hesabla hər komandada 5,67 braziliyalı var.
İdman.biz xəbər verir ki, tək Portuqaliyanı nəzərə almasaq, braziliyalıları Avropada sıralarına ən çox cəlb edən Azərbaycan klublarıdır.
Doğrudur, Azərbaycan da Portuqaliyadan xeyli geri qalır. Misli Premyer Liqasında bu mövsüm meydana çıxmış Braziliya vətəndaşlarının sayı 26-dır. Əslində, bu say Avropada 6-cı göstəricidir. Ancaq çempionatımızda 10 komandanın iştirak etdiyini və bu orta hesabla hər komandaya 2,6 braziliyalının oynadığını nəzərə alsaq, bu göstəricidə ölkəmiz yalnız Portuqaliyadan geri qalır. Bir sözlə, bu Pireney ölkəsindən sonra Azərbaycanı Avropanın Braziliyası adlandırmaq olar.
Azərbaycan çempionatında oynayan braziliyalılar sırasında mövsümdə oyun (25) və qol (9) sayına görə lider “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santosdur.
Avropa ölkələrində əsas liqalarda braziliyalıların sayına görə Portuqaliyadan sonra ikinci Bolqarıstan çempionatıdır. Burada 35 braziliyalı var. Sonrakı yerləri Ukrayna (33), İngiltərə (31) və Rusiya (30) çempionatları tutur.
Qeyd edək ki, İngiltərədən savayı, digər “Böyük beşlik” ölkələrində “sambaçılar”ın sayı o qədər də çox deyil – La Liqada 16, A Seriya və Liqa 1-də 15, Bundesliqada 8 braziliyalı var.
Komanda sayına görə orta göstəriciyə gəldikdə, liderlər Portuqaliya (5,67) və Azərbaycandan (2,6) sonra 3-cü yeri Bolqarıstan (2,19) tutur.
Vüqar Məmmədov
İdman.biz