Maradona ilə bağlı məhkəmə prosesi başlayıb

Xəbərlər
12 Mart 2025 17:09
49
Maradona ilə bağlı məhkəmə prosesi başlayıb

Argentinada Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi başlayıb.

İdman.biz xəbər verir ki, Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olmuş əfsanə 2020-ci ilin noyabrında 60 yaşında dünyasını dəyişib.

"Boka Xuniors", "Barselona" və "Napoli"nin keçmiş futbolçusunun ölüm səbəbi ürək tutması göstərilib.

RMC Sport bildirir ki, Buenos-Ayresin San-İsidro qəsəbəsində həyatının son günlərində Maradonaya yardım etmiş yeddi tibb işçisinin - terapevt, psixiatr, psixoloq və tibb bacılarının məhkəməsi başlayıb. Təqsirləndirilən şəxsləri qəsdən adam öldürmə ittihamı ilə 8 ildən 25 ilə qədər həbs gözləyir.

Meyitin yarılması göstərib ki, Maradona ikinci kəskin ağciyər ödemi və xroniki ürək çatışmazlığının ağırlaşması nəticəsində dünyasını dəyişib. Lakin ekspertiza rəyinə görə, o, digər patologiyalardan da - böyrək və qaraciyər problemləri, ürək çatışmazlığı, nevroloji pozğunluqlar, həmçinin alkoqol və psixotrop dərmanlardan asılılıqdan əziyyət çəkib.

İttiham tərəfinin fikrincə, tibb qrupu "tamamilə qeyri-adekvat və düşüncəsiz olaraq evdə müalicədə böyük rol oynayıb, həmçinin bir sıra improvizasiyalar, idarəetmə səhvləri və səhv hesablamalar edib". Məhkəmədə Maradonanın qızlarının maraqlarını təmsil edən vəkil Fernando Burlando həkimlərin hərəkətlərini “sakit, lakin vəhşicəsinə qətl” və “səhlənkarlıq adı ilə maskalanmış cinayət” adlandırıb.

Məhkəmənin iyulun ortalarına qədər davam edəcəyi gözlənilir. Orada Maradonanın ailəsi, dostları və həkimləri, həmçinin ekspertlər də daxil olmaqla, ümumilikdə 120-yə yaxın şahid iştirak edəcək.

İdman.biz

Məqalədə: