"Aşağı liqalarda diqqətimizi çəkən futbolçular var".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis Haiti və Belarus yığmaları ilə keçiriləcək yoldaşlıq matçı öncəsi fikirlərini açıqlayıb. O, I divizionda "Qəbələ"dən milliyə dəvət etdiyi Şahin Şahniyarovla bağlı danışıb: “Onda çoxlu keyfiyyət gördüm. Bildiyiniz kimi, mən və mənim məşqçi korpusum aşağı diviziondakı oyunlara baxırıq. Həmin matçlarda bir neçə futbolçu diqqətimizi cəlb edib. Ona görə də Şahniyarovu dəvət etmişik".
- Yoldaşlıq oyunu üçün məhz Haiti millisinin seçilməsinin səbəbləri nələrdir?
- Seçimlər üçün müəyyən bir proqram nəzərdə tutulub. AFFA rəhbərliyi də həmin proqrama əsasən danışıqlar aparıb, yoldaşlıq oyunları üçün milli komandalar seçdilər. Nəzərə almaq lazımdır ki, hazırda milli komandaların toplanış tarixləri UEFA-nın pəncərəsi ilə üst-üstə düşür və bir çox millilərin rəsmi oyunları var. Ümumi baxdıqda, çox az komandalar var ki, bu tarixlərdə rəsmi oyunları yoxdur. Seçim zamanı bu amil də əsas götürülüb.
- Bildiyiniz kimi, müsəlman dünyasında müqəddəs Ramazan ayıdır. Yığmaya dəvət olunan futbolçulara toplanış, yaxud da oyun günlərində oruc tutmağa icazə veriləcək?
- Əlbəttə ki, icazə veriləcək. Mən buna çox hörmətlə yanaşıram. Fikrimcə, bu cür məsələlərə hörmət etmək lazımdır. Biz çalışacağıq ki, mövcud duruma uyğun olaraq məşq saatları seçək və gündəliyimizi ona uyğun quraq. Fürsətdən istifadə edib, qarşıdan gələn bayramlar münasibətilə azərbaycanlıları təbrik etmək istəyirəm.
- I liqanın oyunlarını mütəmadi olaraq izləməyinizə baxmayaraq, milliyə cəmi bir futbolçu cəlb etmisiniz.
- Ümumi götürəndə, həm U-17 liqasını, həm də əvəzedicilərin çempionatını izləmişəm. Bir çox oyunçular diqqətimi çəkib. Ancaq unutmayaq ki, söhbət Azərbaycan milli komandasından gedir. Birdən-birə aşağı liqalardan futbolçuları dəvət etmək olmaz. Həmin futbolçuların mərhələli şəkildə toplanışlara cəlb olunması gözlənilir. Əlbəttə ki, əsas milli komandaya cəlb olunan təcrübəli oyunçular gənc oyunçulara kömək etməlidir ki, onlar milli abu-havasına öyrəşsinlər. Milli komandanın necə böyük qürur olduğunu onlara aşılamalıdırlar. Vurğulamaq istəyirəm ki, yaşından asılı olmayaraq, milli komandanın qapıları hər bir Azərbaycan oyunçusu üçün açıqdır. Sadəcə onlar keyfiyyətli oyun göstərərək özlərini təsdiq etməlidir.
- Emin Mahmudov zədəyə görə milliyə dəvət olunmayıb?
- Təkcə Emin yox, Abbas Hüseynov, Ceyhun Nuriyevi də qeyd bilərəm. Hansı ki, mən onları milliyə dəvət etmək istəsəm də, zədə səbəbindən alınmadı.
- Azərbaycan millisi Fernandu Santuş gələndən sonra qələbə qazana bilməyib. Haiti digər komandalardan keyfiyyət baxımından daha aşağı səviyyədədir. Bəlkə də bu seçim sırf qələbə üçün nəzərdə tutulub. Hazırda Haitinin heyətində "İnter Mayami"də, "Kayserispor" da oynayan güclü hücumçular var. Onlarla bağlı hər hansı planlama var?
- Xeyr. Haiti millisi FİFA reytinqində bizdən 30 pillə irəlilədir. Sadəcə danışıqlar aparıldı və rəqib olaraq Haiti seçildi. Biz gələcəyin milli komandasını qurmaq istəyirik. Biz bu komandanı təkcə qələbə üçün seçməmişik. Əgər elə bir niyyətimiz olsaydı, Monqolustanı seçərdik.
- Siz gələndən millimiz cəmi bir qələbə ilə də on milyonluq əhalini sevindirə bilməyib. Bir məşqçi kimi öz fəaliyyətinizdən razısınız?
- Gördüyüm iş qane edir, nəticələr isə yox. Əgər sizin bu nəticəni öz ölkəniz Portuqaliyada, yaxud digər bir yerdə göstərən məşqçini futbol topu ilə atəşə tutardılar, yoxsa artilleriyadakı topla?
- Mən Portuqaliyada işləyəndə Avropa çempionu olmuşam.
- Estoniya ilə oyundan sonra demişdi ki, növbəti strategiya hazır olandan sonra AFFA-nın tərkibində bir futbol mərkəzi yaratmağı düşünür. Bu məsələ nə yerdə qaldı?
- Təbii ki, bu istiqamətdə müəyyən addımlar atılır və bu Azərbaycan üçün lazımlı prosesdir. Buna zaman lazımdır. Fərq etməz, bu gün mən burdayam, sabah Qvordiola, yaxud başqa məşqçi olsun. Bu baza olmasa, gələcəkdə davamlı uğurlar qazanmaq çətin məsələdir. Gələcəkdə Azərbaycan millisinin layiqli qələbələr qazanmasını istəyiriksə, baza olmalıdır. Sonda isə deyim ki, mən də nəticələrin yaxşı olmadığını bilirəm. Mənim funksiyam odur ki, milli komanda üçün ən yaxşısını edim. Bunun üçün əlimdən gələni etməyə çalışıram.
- Komandanın kapitanı və vitse-kapitanı kim olacaq?
- Kapitan Bədavi Hüseynov olacaq. Vitse-kapitan isə qarşıdakı günlərdə müəyyən olunacaq.
Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra “Bank Respublika Arena”da Belarus yığması ilə qarşılaşacaq.
Aytac Sahəd
İdman.biz