AFFA-dan klublara cəza

Xəbərlər
13 Mart 2025 12:31
56
AFFA-dan klublara cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXVI turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.

“Araz-Naxçıvan” – “Qarabağ” görüşündə yaşananlara görə üç futbolçu diskvalifikasiya olunub. Təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos 2-si şərti olmaqla 4 oyun cəzalanıb. Klub 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiklərinə görə hərəsi 1-i şərti olmaqla 2 oyun cəzalanıb. Ağdam klubu hər futbolçu üçün 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimələnib.

“Səbail”in futbolçusu Suleyman Alluş “Zirə” ilə səfər görüşündə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib. O, 4 oyun cəzalanıb, klubu 3000 manat ziyana salıb.

“Sumqayıt”la matçda 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib.

“Turan Tovuz”un futbolçusu Emmanuel Hakman “Neftçi” ilə səfər görüşünün 18-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə edilib.

İdman.biz