Bu gün Azərbaycan millisinin heyəti açıqlanıb.
İdman.biz xəbər verir ki, Fernandu Santuş yığmamızın baş məşqçisi kimi ilk yoldaşlıq oyunlarına 25 futbolçu çağırıb.
Bunadək yalnız rəsmi xarakterli turnirlərin matçlarında komandaya rəhbərlik edən portuqaliyalı mütəxəssisin bu dəfəki heyəti bir sıra məqamlarla diqqət çəkib. Haiti və Belarusla görüşlərdə şans qazana biləcək futbolçular ilklər və debütlərə səbəb olub.
1-ci liqadan milliyə
İlk diqqətçəkən məqam milliyə 1-ci liqadan futbolçunun çağırılmasıdır. Son 20 ildə belə hadisəyə təsadüf olunmamışdı. Daim aşağı dəstə oyunlarını da izləyən Santuş “Qəbələ”dən Şahin Şahniyarovu özü üçün kəşf edib. İlk dəfə əsas komandaya çağırılan gənc oyunçu qarşıdakı görüşlərdə debüt şansını gözləyir.
Santuşun “dördlüy”ü
Şahin ilk dəfə siyahıda yer alan yeganə oyunçu deyil. Daha üç futbolçu karyerasında birinci dəfə əsas yığma ilə məşq edəcək. “Neftçi”dən Ağadadaş Salyanski, “Sabah”dan Rəhman Daşdəmirovla Xəyal Əliyev üçün də milliyə ilk dəvət gerçəkləşib. “Dördlük”dəkilər özlərini məşqlərdə yaxşı tərəfdən göstərmək və debüt şansı qazanmağa çalışacaqlar.
Yubanan debüt
Haiti və Belarusla görüşlərdə debütünü gözləyənlərin sayı isə 6-dır. Təkcə ilk dəfə çağırılanlar deyil, daha iki futbolçu milli forma geyinməyi gözləyir. Bunlar əvvəl də yığmaya çağırılan, amma şans qazanmayanlardır. Mert Çelik və Səbuhi Abdullazadə hələ debüt etməyiblər.
Bəlli lider
Yığmadakı oyunçu sayında lider dəyişməz qalıb. “Qarabağ” millidə 8 futbolçu ilə təmsil olunub. “Neftçi” və “Sabah” 3 oyunçusunu yığmaya göndərəcək. Heyətdə “Zirə”dən 2, “Sumqayıt”la “Səbail”in, həmçinin 1-ci liqa təmsilçisi “Qəbələ”nin bir futbolçusu var. Premyer Liqa klubları “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Kəpəz” və “Şamaxı” milliyə faydalı olmayıb.
6 legioner
Yığmaya legioner həyatı yaşayan 6 futbolçu çağırılıb. Gec-gec rast gəlinən məqam eyni xarici klubdan – “Radomyak”dan iki oyunçunun dəvətidir. Rahil Məmmədovla Renat Dadaşov Polşa təmsilçisində forma geyinir. Albaniya və Finlandiyanın yüksək, Almaniya ilə Türkiyənin aşağı liqasından da milliyə oyunçu gələcək.
Santuşun “9-luğ”u
Santuş 2024-cü ilin son heyətində olmayan 9 futbolçuya dəvət göndərib. İlk dəfə çağırılan “dördlük”dən başqa, Elvin Camalov, İsmayıl İbrahimli, Mert Çelik, Renat Dadaşov və Şahrudin Məhəmmədəliyev də fasilədən sonra komandaya qayıdıb. Əvəzində Emin Mahmudov, Abbas Hüseynov, Anton Krivotsyuk, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə, Nicat Mehbalıyev, Ramil Şeydayev, Rüstəm Əhmədzadə və Xəyal Nəcəfov “25-liy”ə düşməyib. Onlardan bəziləri zədə, digərləri formada olmadıqları üçün millidən kənar qalıblar.
1 |
Rza Cəfərov |
Neftçi |
2 |
Şahrudin Məhəmmədəliyev |
Qarabağ |
3 |
Aydın Bayramov |
Zirə |
4 |
Amin Seydiyev |
Sabah |
5 |
Mert Çelik |
Səbail |
6 |
Bəhlul Mustafazadə |
Qarabağ |
7 |
Bədavi Hüseynov |
Qarabağ |
8 |
Rahil Məmmədov |
Radomiak Radom (Polşa) |
9 |
Zamiq Əliyev |
Eqnatia (Albaniya) |
10 |
Rəhman Daşdəmirov |
Sabah |
11 |
Elvin Cəfərquliyev |
Qarabağ |
12 |
Aleksey İsayev |
Qarabağ |
13 |
Coşqun Diniyev |
Çorum (Türkiyə) |
14 |
Elvin Camalov |
Neftçi |
15 |
Şahin Şahniyarov |
Qəbələ |
16 |
İsmayıl İbrahimli |
Zirə |
17 |
Səbuhi Abdullazadə |
Sumqayıt |
18 |
Ozan Can Kökçü |
HJK (Finlandiya) |
19 |
Toral Bayramov |
Qarabağ |
20 |
Nəriman Axundzadə |
Qarabağ |
21 |
Xəyal Əliyev |
Sabah |
22 |
Renat Dadaşov |
Radomiak Radom (Polşa) |
23 |
Ağadadaş Salyanski |
Neftçi |
24 |
Mahir Emreli |
Nürnberq (Almaniya) |
25 |
Musa Qurbanlı |
Qarabağ |
Vüqar Xeyrullayev
İdman.biz