“I Liqa – Milli” marşrutu hara aparır? - TARİXƏ BAXIŞ

Təhlil
13 Mart 2025 16:38
91
“I Liqa – Milli” marşrutu hara aparır? - TARİXƏ BAXIŞ

Azərbaycan milli komandasının bu gün açıqlanan heyətində ən qeyri-adi ad I Liqa ilə bağlı olub.

İdman.biz xəbər verir ki, baş məşqçi Fernandu Santuş “Qəbələ”də forma geyinən Şahin Şahniyarova dəvət göndərib.

O, yığmanın tarixinə uzun illərdən sonra aşağı dəstədən dəvət alan oyunçu olub. 20 yaşlı yarımmüdafiəçi son 20 il ərzində buna nail olan ilk futbolçudur.

Santuşa qədər heç bir əcnəbi mütəxəssis millimizdə belə addım atmasa da, artıq uzaqlaşan keçmişdə belə tapıntılar olub.

“Qızıl oğlan”
Azərbaycan millisi tarixində xaricdən deyil, öz çempionatımızın aşağı liqasından çağırılan ilk futbolçu Zaur Tağızadə olub. Adını ölkə futboluna “Qızıl oğlan” kimi yazdıran istedad Şahniyarovdan fərqli, artıq ulduz olduqdan sonra 1-ci liqadan milliyə gedib. Həmin vaxtadək yığmada xeyli oyun keçirən və qol vuran Zaur hələ MOİK OİK adlandığı dövrdə bu komanda ilə birlikdə güclülər dəstəsindən 1-ciyə yuvarlanıb. 2000-ci ilin sonunadək “hərbçilər”in sıralarında qalan Tağızadə həmin dövrdə də millinin liderlərindən biri kimi qalıb.

Torresin kəşfi
1-ci liqadan milliyə debüt üçün çağırılan ilk futbolçu isə Mahir Şükürovdur. 2004-cü ildə yığmanın “sükanı arxası”na keçən və futbol tariximizə ilk əcnəbi baş məşqçi kimi düşən Karlos Alberto Torres özünün bu postdakı debüt oyununda kəşfə ehtiyac duyub. Braziliyalı əfsanə 1-ci liqadakı “Gənclərbirliyi”ndə forma geyinən Mahiri İsraillə oyuna çağırıb və ona da debüt şansı verib. Bununla da Şükürovun yığmadakı uzun karyerasına start verilib.

SSRİ-də tarix yazan istedad
1-ci liqadan əsas milliyə dəvətdən danışarkən daha bir ada toxunmamaq mümkün deyil. Azərbaycan futbol tarixinin əfsanələrindən olan Yuri Kuznetsov da belə uğura imza atıb. 1955-ci ildə “Neftyanik”lə (indiki “Neftçi”) SSRİ-nin 1-ci liqasında oynayan hücumçu ittifaqın əsas yığmasında debüt edib. Sonradan Moskva “Dinamo”su onu “oğurlayıb”. Kuznetsov SSRİ millisi tarixinə aşağı liqadan çağırılan ilk futbolçu olub.

Vüqar Xeyrullayev
İdman.biz