“Araz-Naxçıvan” Felipe Santosu cərimələyib - SƏBƏB

Xəbərlər
13 Mart 2025 16:50
44
“Araz-Naxçıvan” Felipe Santosu cərimələyib - SƏBƏB

“Araz-Naxçıvan” rəhbərliyi “Qarabağ”la oyunda yaşanan qalmaqaldan sonra futbolçusu Felipe Santosu cərimələyib.

İdman.biz xəbər verir ki, bu barədə “Report”a “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubov açıqlama verib.

Klub rəsmisi Misli Premyer Liqasının XXVI turunda “Qarabağ”la matçda (1:3) yaşananlardan sonra AFFA İntizam Komitəsinin Felipe Santos haqqında çıxardığı qərara münasibət bildirib: “Futbolçumuza durumu başa salmışıq. Cəzasının artmaması üçün analoji hərəktələrə yol verməməlidir. Bununla yanaşı, klubun intizam kodeksinə uyğun futbolçu cəzalandırılıb. Söhbət maddi cəzadan gedir. Klub daxilində bununla bağlı qərar qəbul olunub”.

O, apellyasiya şikayəti verməyəcəklərini vurğulayıb: “Daha ağır cəza ola bilərdi. 4 oyunluq cəzadan ikisi şərtidir. Meydanda hakimin gözündən qaçan məqamlara münasibət bildirmələri, yəni “Qarabağ”ın futbolçularını da cəzalandırmaları onu göstərir ki, məsələ ciddi araşdırılıb. Baş verən hadisələr əsaslı şəkildə təhlil olunub. Qarşı tərəfin də cəzalandırılmasına görə obyektiv, eyni zamanda humanist yanaşma hiss edirik. Qərarlarla bağlı ciddi etirazımız və apellyasiya şikayəti olmayacaq”.

Qeyd edək ki, 28 yaşlı braziliyalı hücumçu qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb. Ona 3 ay sınaq müddəti təyin olunub. Naxçıvan təmsilçisi isə 3000 manat cərimələnib.

İdman.biz