"Səbail"in kapitanı: "Aşağı liqaya düşməyi özümüzə yaraşdırmırıq" - MÜSAHİBƏ

Müsahibə
13 Mart 2025 17:21
45
"Səbail"in kapitanı: "Aşağı liqaya düşməyi özümüzə yaraşdırmırıq" - MÜSAHİBƏ

"Səbail"in kapitanı Yusif Nəbiyevin "Report"a müsahibəsi

- Misli Premyer Liqasının XXVI turunda "Zirə"yə son dəqiqə qolu ilə məğlub oldunuz. 1 xal almağınıza nə mane oldu?

- Həmin oyuna çox ciddi hazırlaşmışdıq. Düşüncəmiz o idi ki, həmin matçdan xal və ya xallarla ayrılaq. Hazırkı vəziyyətdə bizim üçün 1 xal da qızıla bərabərdir. Üstəlik, "Zirə" kimi komandanı büdrətmək çətindir. Oyun boyunca meydanda təzyiq edirdilər. Matçın son anlarında ani diqqətsizlik oldu, təəssüf ki, dözə bilmədik. Son epizodda künc zərbəsi yarandı. Həmin vəziyyət qol olmasaydı, oyun 0:0 hesabı ilə başa çatacaqdı. Qarşıdakı görüşlərə diqqət ayıracağıq. Bir oyunun ab-havası ilə yaşamaq olmaz.

- Komanda son 6 oyunda qələbə qazana bilmir. İndiki durum sizi nə dərəcədə narahat edir?

- Əlbəttə, bu, arzuolunmaz haldır və bizi qane edə bilməz. Son 6 oyunda heç-heçələrimiz də oldu. Həmin matçlarda qalib gələ də bilərdik. Ümid edirəm ki, tez bir zamanda qələbə həsrətinə son qoyacağıq.

- "Səbail" turnir cədvəlinin sonuncu - 10-cu pilləsində yer alıb. 9-cu yerlə aranızda 4 xallıq fərq var. Hazırda komandada ab-hava necədir?

- Bu dəqiqə komanda yoldaşlarımın və mənim bir fikrimiz var ki, həmin xal fərqini aradan qaldıraq. Qarşıda 10 oyunumuz var. Gücümüzü ortaya qoyub, düşdüyümüz çətin vəziyyətdən çıxmaq istəyirik. İnanıram ki, bunu bacaracağıq.

- Kapitan olaraq mövcud durumla bağlı baş məşqçi Cavid Hüseynovla söhbətiniz olub?

- Bəli, baş məşqçi ilə söhbətlərimiz olur. O bildirir ki, nə olur-olsun, komandanı düşdüyü çətin vəziyyətdən xilas etməliyik. Geriyə dönüş yoxdur. Hər matçdan xalla ayrılmaq məcburiyyətindəyik. Əslində oyunlarımız da pis alınmır. Döyüşkən, əzimkar mübarizə aparırıq. Lakin son nöqtəni qoya bilmirik. İnanıram ki, bu çatışmazlığı da aradan qaldıracağıq.

- Komanda istədiyi nəticələri qazana bilməyib I Liqaya düşsə, bunu faciə hesab etmək olar?

- "Səbail"ə Premyer Liqanı tərk etmək yaraşmaz. Futbolçu olaraq biz də aşağı liqaya düşməyi özümüzə yaraşdırmırıq. Lakin bu reqlamentdir, yekunda bir komanda elitanı tərk etməlidir. Dünya futbolunda da bu cür hallar yaşanır. Təbii ki, həmin bir komanda olmaq istəmirik. Şəxsən istəmərəm ki, çıxış etdiyim komanda I Liqaya düşsün.

- Qarşıda sizi "Neftçi" ilə çətin oyun gözləyir. Bu matçla bağlı düşüncələriniz necədir?

- Təbii ki, bu görüş bizim üçün önəmlidir. Az əvvəl də dediyim kimi, xal qazanmalıyıq. Başqa yol yoxdur. Nəzərə alsaq ki, öz meydanımızda oynayacağıq. Düşünürəm ki, qələbə qazanmaq olar.

İdman.biz