AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib - FOTO

Xəbərlər
14 Mart 2025 13:41
46
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib - FOTO

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Tədbir SOCAR-ın inzibati binasında baş tutub. AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verdikdən sonra bu məsələlər müzakirə olunub.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov 2025/26 mövsümü üçün Premyer Liqaya yüksəlməyə namizəd olan klubların infrastrukturu, maddi-texniki bazası, stadionlarda olan mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.

AFFA İcraiyyə Komitəsi tərəfindən 2025/26 mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar elitaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.

İclasda aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna təyinatlar da gerçəkləşib. 21 yaşlılardan ibarət yığmanın baş məşqçisi vəzifəsinə “Şamaxı”nı çalışdıran Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Elxan Abdullayev U-19, İlham Yadullayev U-18 (2008-ci il təvəllüd), Aqil Nəbiyev U-17 (2009-cu il təvəllüd) yığmasına baş məşqçi təyin edilib. Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.

İcraiyyə Komitəsi AFFA-nın növbəti Hesabat Konfransının tarixini də müəyyənləşdirib. AFFA-nın növbəti Hesabat Konfransı aprelin 11-də keçiriləcək.

Bundan başqa, iclasda Elçin Məmmədovun öz istəyi ilə AFFA İntizam Komitəsindən ayrılması təsdiqlənib.

İdman.biz