Salah və Moyes - fevralın ən yaxşıları

Xəbərlər
14 Mart 2025 17:32
39
Salah və Moyes - fevralın ən yaxşıları

Məhəmməd Salah İngiltərə Premyer Liqasında ayın futbolçusu seçilib.

İdman.biz xəbər verir ki, “Liverpul”un cinah oyunçusu fevraldakı çıxışına görə azarkeşlərin və ekspertlərin səsini qazanaraq mükafata layiq görülüb.

O, Betu Betunkal (“Everton”), Jan-Filipp Mateta (“Kristal Pelas”), Yankuba Minte (“Brayton”), Ced Spens (“Tottenhem”) və Dominik Soboslai (“Liverpul”) kimi futbolçuları qabaqlayıb.

Misirli karyerasında yeddinci dəfə Premyer Liqada ayın oyunçusu seçilib. O, Harri Keyn və Serxio Agüeronun rekordunu təkrarlayıb.

Salah fevralda Premyer Liqada 6 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Devid Moyes isə Premyer Liqada ayın baş məşqçisi seçilib.

“Everton”un çalışdırıcısı fevralda mükafat uğrunda mübarizədə Oliver Qlasner (“Kristal Pelas”), Ange Postekoqlu (“Tottenhem”), Marko Silva (“Fulhem”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.

Moyes karyerasında 11-ci dəfə - Pep Qvardiola ilə eyni sayda - Premyer Liqada ayın baş məşqçisi seçilib. Bu mükafatı daha çox yalnız Aleks Fergüson (27 dəfə) və Arsen Venger (15) alıblar.

"Everton" moyesin rəhbərliyi ilə fevralda Premyer Liqada beş oyun keçirib, iki qələbə qazanıb və üç heç-heçə edib.

İdman.biz