Samir Əliyevdən xələfinin təyinatına münasibət: “Onlar üçün bir siqnaldır”

Xəbərlər
15 Mart 2025 14:01
41
Samir Əliyevdən xələfinin təyinatına münasibət: “Onlar üçün bir siqnaldır”

"Onlar öz üzərlərində daha çox işləməli, həm klubda, həm də əsas millidə özlərini sübut edib yerlərini möhkəmləndirməlidirlər".

Bunu İdman.biz futbol mütəxəssisi Samir Əliyev deyib.

O, Azərbaycan milli komandasının Haiti və Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyətini dəyərləndirib. Əliyev Fernandu Santuşun gənclərə şans verməsinin müsbət məqam olduğunu vurğulayıb: “Dəvət edilən üç yeni gənc futbolçu Xəyal Əliyev, Ağadadaş Salyanski və Şahin Şahniyarov ötən il U-21 heyətində bir neçə beynəlxalq oyunda iştirak ediblər. Bu gün onların artıq əsas milliyə dəvət alması sevindiricidir haldır. Bu gənc futbolçular üçün gözəl motivasiyadır. Digər tərəfdən isə dəvət almayan bir neçə perspektivli gənc futbolçular üçün bir siqnaldır ki, onlar da gələcəkdə milliyə dəvət almaq üçün durmadan çalışsınlar”.

Yığmamızın sabiq hücumçusunun sözlərinə görə, hər iki yoldaşlıq görüşü futbolçuların taktiki-texniki gedişləri sınaqdan keçirib iş başında görmək baxımından məşqçilər korpusu üçün gözəl bir fürsətdir: “Yoldaşlıq görüşləri milli komandanın bu gün üçün hansı səviyyədə olduğunu, çatışmazlıqları müəyyən etmək və gələcək oyunlar üçün önəmlidir".

Əliyev AFFA İcraiyyə Komitəsinin Ayxan Abbasovun U-21 millisinə baş məşqçi təyin etməsinə də münasibət bildirib. O, xələfinə uğurlar arzulayıb: "Abbasovun namizədliyini verib və dəstək olan insanlara da alqış düşür. Ayxan gənclərə qorxmadan şans verib və güvənən məşqçidir. Bunu işlədiyi klublarda dəfələrlə sübut edib. Həm klubda, həm millidə işləməsinə gəlincə, növbəti mövsümdən "Şamaxı"nın heyətində rəhbərliyi altında gənclərin daha çox olacağına və inkişaf edəcəyinə inanıram".

Qeyd edək ki, Əliyev AVRO-2025-in seçmə mərhələsindən sonra U-21-lə vidalaşıb.

Aytac Sahəd
İdman.biz

Məqalədə: