"Ayxanı oradan götürürlər bura qoyurlar, buradan da götürüb ora".
Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.
O, AFFA İcraiyyə Komitəsinin Ayxan Abbasovu U-21 millisinə baş məşqçi təyin etməsinə münasibət bildirib: "Yəqin ki, Ayxanın işi onların xoşuna gəlir. Həqiqətən də, o, bəzi klublarda çox yaxşı nəticələr ortaya qoyub. Millidə nə edəcəyi ilə bağlı isə indidən proqnoz vermək çətindir. U-21 belədir ki, bu gün yaxşı oynayırlar, sabah pis. Görək, Ayxan düzgün heyət formalaşdıra biləcək? İlkin mərhələdə aktual olan məhz budur".
Veteran futbolçu Abbasovun həm millidə, həm də "Şamaxı"da çalışmasında isə problem görmür: “Paralel iki yerdə işləyən məşqçilər çox olub. Xeyli belə nümunə sadalaya bilərik. Bunun Abbasovun işinə mənfi təsir edəcəyini düşünmürəm. Əksinə, U-21-də gənc futbolçular Ayxan Abbasovun gözünün qabağında olacaqlar. Bu da onların "Şamaxı", yaxud digər klublarda oynamasına şans yarada bilər".
Qeyd edək ki, Abbasovun təyinatı dünən AFFA İcraiyyə Komitəsinin iclasında rəsmiləşib. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Aytac Sahəd
İdman.biz